Accessibility links

Şahbaz Xuduoğlu: İstintaqın qərəzli və amansız münasibəti var [Video-müsahibə]


Şahbaz Xuduoğlu: İstintaqın qərəzli və amansız münasibəti var
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Şahbaz Xuduoğlu: İstintaqın qərəzli və amansız münasibəti var

Qanun Nəşriyyatı ilə bağlı yüzədək insanı istintaqa çağırıblar

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsi “Qanun Nəşriyyat Evi” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası müəyyən edib. Bu rəqəmləri haradan götürüblər bilmirəm. Bu barədə Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Amerikanın Səsinə müsahibəsində bildirib.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Xuduoğlunun sözlərinə görə, 2013-cü il noyabrın 1-də 20-ə yaxın mülki geyimli şəxs Qanun Nəşriyyatına qanunsuz olaraq, qabaqcadan xəbər vermədən gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini aparıb. “Qanunvericiliyə görə, vergi orqanı yoxlama aparmaq üçün qabaqcadan xəbər verməli və sənədlərin yalnız surətlərini götürə bilər”, o qeyd edib.

Bundan sonra, “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Xuduoğlu bildirib ki, nəşriyyat 150 min manatı ödəmək gücündə deyil. “Məni həbs də edə bilərlər. Bu həm də nəşriyyatın işinin dayandırılmasına yönəlib”.

Direktor hesab edir ki, bu sifarişdir, təzyiq xarakteri daşıyır. “Kimlərsə vergidən istifadə etməklə “Qanun Nəşriyyatı” MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik”.

Xuduoğlu həmçinin prezident seçkiləri zamanı qanunsuz təşviqat materialları və digər siyasi xarakterli ədəbiyyatların nəşriyyat tərəfindən çapa hazırlanmadığını deyib. “Nəşr etdiklərimiz göz qabağındadır. Bizim işimizin 90 faizi kitab nəşridir. Öz tərcümələrimizdir, kənar sifarişlər demək olar ki, götürmürük. Biz Nobel mükafatçılarının kitablarını, dünyada besseller (ən populyar ədəbiyyat) olan kitabları çap edirik. Dövlət əleyhinə hansısa siyasi bir ədəbiyyat nəşr etmək ağlımıza da gəlmir”.

Qanun Nəşriyyatı ilə əməkdaşlıq edən yüzədək insanı istintaqa çağırıblar. Onun fikrincə, istintaqın qərəzli və amansız münasibəti var. “Bu amansız münasibət Şahbaz Xuduoğluna qarşı deyil, ümumiyyətlə kitaba qarşıdır. Burada söhbət məndən getmir, kitabla əməkdaşlıq edən hər kəsdən gedir. Çingiz Abdullayevdən tutmuş Abbas Abdulla, Nəriman Əbdürrəhmanlı, Nadir Qocabəyliyədək. Hətta bizim texniki işçiləri də əhatə edir. Yaşlı insanları, yazıçıları, tərcüməçiləri, hətta 70 yaşlı insanı istintaqa çağırıb məcbur edirlər ki, iradəsi əleyhinə ifadə versinlər. İnsanları axşam saat 9-dək istintaqda saxlayıblar. Onların arasında azyaşlı uşaqları olan qadınlar da var”.

Xuduoğlu hesab edir ki, kitab yaradan böyük bir təbəqəni vergi təhdid edir. “Mən öz qanuni haqqımı tələb edirəm. Bizimlə bağlı baş verən olay qanunsuz və zorakı olaydır. Bu zorakı olay dövlət qurumu xətti ilə həyata keçirilir. Bu məni çox təsirləndirib. Özümlə yanaşı istintaqa çağırılan 60-70 yaşlı insanların halına acıyıram. Dövlət dərhal bu özbaşınalığın qarşısını almalıdır. Bu çağırışı etmək üçün Yazıçılar Birliyində toplaşacağıq. Yaradıcı insanlar adından müvafiq instansiyalara müraciət qəbul edəcəyik”, o qeyd edib.
XS
SM
MD
LG