Accessibility links

Sahibkarlar banklara niyə güvənmirlər?


Azərbaycanda iş qurmaq, biznesini böyütmək istəyən gedib bankdan kredit götürə bilirmi?

Mərkəzi Bankın bu ilin iyununa açıqladığı statistikadan belə məlum olur ki, real iqtisadiyyata qoyulan kreditlər azalır.

Məsələn, dörd il əvvəllə, 2015 ci illə müqayisədə bu növ kreditlər 2019-cu uldə 6 milyard manata qədər azalıb. 2015-ci ilin iyul ayında iqtisadiyyata kredit qoyuluşu təqribən 20 milyard manat olmuşdusa, 2019-cu ilin iyulunda bu, təqribən 14 milyard manat olub.

Bakı sakini, kiçik sahibkar Dəyanət Əliyev deyir ki, kredit götürmək, biznesini böyütmək haqda heç düşünmür də. Çünki şərtlər onu qane etmir.

“Bizim banklar dünyada ən böyük faizləri təklif edirlər. Ona görə də müraciət etmirəm. Əgər faizlər az olsa, adam bəlkə də gedər. Pulun devalvasiya edən vaxtı camaatı nə qədər aldatdılar. Ona görə bankla işləmək çox təhlükəlidir. Böyük biznesə keçmək üçün o qədər maliyyən olmalıdır ki, sən müəyyən çatışmazlığını bankla ödəyə biləsən. İndiki şəraitdə isə belə xırda mağazaların nəinki böyümək, hətta məhv olmaq ehtimalı var”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu isə real iqtisadiyyata – ticarət, xidmət, inşaat, nəqliyyat və rabitə sektorlarına və s. kredit qoyuluşlarının azalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, səbəblərdən biri də iqtisadiyyatın kiçilməsidir:

"Bu azalmanın əsas səbəbi odur ki, real sektor banklardan kreditləri əvvəlki həvəslə qəbul etmir. Bunun bir səbəbi budur ki, kredit faizləri yüksəkdir. Amma kredit faizləri əvvəl də yüksək idi, bəs indi niyə kredit faizlərinin yüksək olması əhəmiyyətli rol oynamağa başlayıb? Burda əsas səbəblərdən biri iqtisadiyyatın həcminin kiçilməsi və devalvasiyadan sonra işgüzar fəallığın aşağı düşməsidir, eyni zamanda bazarın məhdudluğu şəraitində alıcılıq qabiliyyətinin aşağı düşməsidir".

Bəs, kredit qoyuluşunun azalmasına Mərkəzin Bankın izahı nədən ibarətdir? Mərkəzi Banka sorğu göndərsək də gün ərzində cavab ala bilmədik.

AzadlıqRadiosuna danışan sahibkar kredit götürməməsini onunla izah edir ki, bankların şərti ağırdır, ümumən bank sektoruna güvənmir.

Hakimiyyətdə isə hesab edirlər ki, sahibkarlara lazımi maliyyə dəstəyi verilir. Prezident İlham Əliyev öz çıxışlarında sahibkarları dəstəkləməyin prioritet olduğunu deyir.

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə rəsmi “Azərbaycan” qəzetinin 25 aprel sayında yazır:

“Ümumilikdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib”.

İqtisadçı alim Qubad İbadoğlu isə deyir ki, reallıqda iş quranlar, sahibkarlar kreditdən uzaq qaçırlar. Onun sözlərinə görə, bunun bir səbəbi də bazarda monopoliyanın olmasıdır. Belə ki, inhisarçıların heç kreditə ehtiyacları yoxdur, qalan iş adamlarını isə bank şərtləri qane etmir:

“Azərbaycanda real iqtisadiyyata kredit qoyuluşlarının azalmasının başqa bir səbəbi bütövlükdə azad sahibkarlıq təşəbbüslərin boğulmasıdır. İnvestisiya mühitinin pis olması, sahibkarlıq üçün əlverişli mühitin olmaması, son nəticədə gələcəyə ümidin azalması, Azərbaycanın iqtisadi perspektivinə inamın aşağı düşməsidir. Bu da sahibkarlara öz fəaliyyətlərini genişləndirmək istəyi vermir. Hesab edirəm ki, səbəblərdən biri də budur. İqtisadiyyatın gələcəyi ilə bağlı sahibkarlarda inam azalıb”.

Banklardan biznes qurmaq üçün kredit götürənlər azalsa da, ev təsərrüfatları üçün, başqa sözlə məişət əşyaları almaq üçün götürülən kreditlər artıb.

Hazırda belə kreditlər bütün kreditlərin təqribən yarısını təşkil edir. İqtisadi təhlilçilər deyirlər ki, bu, hətta növbəti bank böhranına gətirə bilər.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

2015-ci ildə Azərbaycanda baş verən devalvasiyalardan sonra 10-dan çox bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Keçmiş bank işçilərindən məsuliyyətə cəlb edilənlər də var.

Hazırda ölkədə 30 civarında bank var.

AzadlıqRadiosu

Şərhlərə bax

XS
SM
MD
LG