Accessibility links

Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb


Güneyli siyasi məhbus Salar Tahir Əfşar Urmiyə həbsxanasından 5 gün müddətinə məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə həbsxanadan çıxıb.

Tahir Əfşar aprelin 19-da atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiyə həbsxanasına köçürülmüşdü.

Urmiyəli türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib.

Urmiyə həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

İran həbsxanalarında yeni məhbuslar bir müddət ərzində karantin bölməsində saxlanıldıqdan sonra həbsxananın digər bölmələrinə yerləşdirilir. Karantin bölməsində müxtəlif cinayətlərdən həbs edilən məhkumlar bir yerdə saxlanılır.

XS
SM
MD
LG