Amerika Birləşmiş Ştatları Tehrana qarşı İranın istehal sahələri, maliyyə sektorunu hədəf alan sanksiyaların ilk raundunu bərpa edib. Ekspertlər ABŞ sanksiyalarının İranda iqtisadi-siyasi durumun daha da ciddiləşəcəyinə gətirib çıxaracağını bildirir. Güneyli fəal Saleh Kamrani Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Tehrana qarşı sanksiyaların İran Azərbaycanına təsirləri və azərbaycanlıların iqtisadi durumundan danışıb.
“Sanksiyalar birbaşa azərbaycanlılara təsir göstərir. Bu sanksiyaların yenidən qayıtması həm mərkəzdə olan azərbaycanlıları, həm də hüdudlara yaxın yerdə yaşayan azərbaycanlıları ciddi şəkildə və təəssüf ki, mənfi şəkildə öz təsiri altna alacaq və indidən də onun təsiri görünür.”
İranda son zamanlar iqtisadi durumun ağırlaşması Tehran və başqa şəhərlərdə etirazların keçirilməsinə səbəb olub. Saleh Kamrani azərbaycanlılar arasında durumla bağlı narazılıqların olmasına baxmayaraq, onların etirazlara aktiv qoşulmamasının səbəblərini izah edib.
Azərbaycanlılar, xüsusilə də simvolik olaraq Təbriz ortaya çıxmayana qədər ciddi bir dəyişikliyin olacağına inanmıram.
“Əslində Azərbaycandan ciddi bir hərəkat olmasa, olan hərəkatın da bir yerə çatacağına mən inanmıram. Görürsünüz ki, bu bir ilin içində iki dəfə İranın başqa yerlərində ictimai etirazlar olub, amma Azərbaycanı özləri ilə həmahəng edə bilmədikləri üçün nəticəyə yetişməyib. Bu o demək deyil ki, azərbaycanlıların vəziyyətə etirazı yoxdu. Azərbaycanlıların ciddi şəkildə vəziyyətə etirazları var.”
Saleh Kamrani bildirib ki, azərbaycanlıların yaşadıqları bölgələrdə sanksiyaların bərpa olmasından əvvəl də iqtisadi durum ağır olub.
“Azərbaycanlıların durumu sanksiyalardan əvvəl də ayrı-seçkiliyə görə ciddi şəkildə pisləşmişdi. İşsizlik, Azərbaycan bölgələrindən fars bölgələrinə köçmə, yəni çörək dalınca getmək, ayrı bir şey üçün yox. Vəziyyət çox ağır idi. Sanksiyalardan sonra daha da ağır oldu.”
Saleh Kamrani fabriklərin bağlanması nəticəsində işsizlik səviyyəsinin yüksəlməsi, narkotiklərdən istifadənin geniş yayılması kimi problemləri xüsusi qeyd edib.
Amerika hətta rejim dəyişikliyinə getməsin, rejimin dəyişdirilməsinə doğru əgər ciddi şəkildə bir siyasəti varsa,o zaman azərbaycanlıları ciddiyə almalıdır. Azərbaycanlılar ciddi bir gücdürlər.
Birləşmiş Ştatlar İranla bağlı yeni strategiyanın əsas məqsədinin ölkədə rejim dəyişikliyi deyil, Tehran rəhbərliyini davranışını dəyişməyə vadar etmək olduğunu bildirir. Saleh Kamrani azərbaycanlıların ABŞ siyasətindən gözləntilərindən danışıb.
“Azərbaycanlılar Amerikanın siyasətinə güvənmirlər. Yəni Azərbaycanla Amerika arasında, azərbaycanlılarla Amerikanın arasında İkinci Dünya Müharibəsindən, yəni mərkəzi hakimiyyətin tərəfin tutaraq, Azərbaycanda milli hakimiyyətin yıxılmasına yardım etməsi ilə bir uçurum yaranıb. O gündən bu günə təəssüflə, Amerikanın siyasətində azərbaycanlılarla bağlı ciddi bir dəyişiklik görmürük. Bu, azərbaycanlılar deyil, Amerikanın görəcəyi bir işdir. Azərbaycanlıları əmin edə biləcək, onlara güvən verəcək bir siyasəti ortaya atdığını biz görmürük.”
Saleh Kamraninin sözlərinə görə, Birləşmiş Ştatlar İranda hər hansı bir dəyişikliyə nail olmaq üçün siyasətində etnik azərbaycanlılar nəzərə alınmalıdır.
"Amerika hətta rejim dəyişikliyinə getməsin, rejimin dəyişdirilməsinə doğru əgər ciddi şəkildə bir siyasəti varsa və bu məsələdə sadiqdirsə, o zaman azərbaycanlıları ciddiyə almalıdır. Azərbaycanlılar ciddi bir gücdürlər.”