Accessibility links

Saleh Kamrani: İranda hər an daha güclü etirazlar qalxa bilər


Saleh Kamrani ilə müsahibə
please wait

No media source currently available

0:00 0:14:05 0:00

Yanvarın 21-dən 22-nə kimi İrandakı milli azlıqları təmsil edən fəallar Brüsseldə İran rejiminin ayrı-seçkilik siyasəti və İranın terrorizmi dəstəkləməsi mövzusunda konfrans təşkil edib. Konfras İranda keçən ilin sonu və bu ilin əvvəli keçirilmiş etiraz aksiyalarından sonra təşkil edilib. Konfransda iştirak edən güneyli fəal Saleh Kamrani Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə konfransda müzakirə edilən məsələlər, İranda son etirazlar aksiyalarından sonra durum və azərbaycanlıların gözləntilərindən danışıb.

“Konfransın əsas məqsədi və əsas şüarı İran terrorizminə qarşı bərabər iş aparmaqdan ibarət idi. Konfrans İranın bölgədə terror fəaliyyətlərinin qarşısının qeyri-fars millətlər tərəfindən necə alınması mövzusunda idi”, Saleh Kamrani bildirib.

Azərbaycanlı milli fəallar Saleh Kamrani və Babək Çələbiyanlı Bürsseldə konfransda (Foto Saleh Kamraninin Facebook səhifəsindən götürülüb)
Azərbaycanlı milli fəallar Saleh Kamrani və Babək Çələbiyanlı Bürsseldə konfransda (Foto Saleh Kamraninin Facebook səhifəsindən götürülüb)

Onun sözlərinə görə, konfrans iştirakçılarının əsas hissəsini Əhvaz ərəbləri, Azərbaycan türkləri və İran kürdləri təşkil edib.

İranda etiraz aksiyalarından sonrakı durumu şərh edən güneyli fəal ölkədəki iqtisadi çətinliklər və milli azlıqların hüquqlarının pozulmasını xüsusi qeyd edib.

Millətlərə təzyiqlər, basqılar davam edir. Özəlliklə azərbaycanlılara qarşı.
Saleh Kamrani

“Azərbaycanlılar orada nisbi çoxluqda olsalar da, orada bir azlıq kimi yaşayırlar. Və azlıqda olan etnik qrupların yaşadığı bölgələrdə iqtisadi, siyasi və milli məsələlərlə əlaqədar ortaya çıxan başqa problemlər var....Düzdür nümayişlər yatdı. Amma orada olan ekspertlərin çoxunun baxışları bundan ibarət idi ki, İranda hər an o cür, ya da ondan da güclü nümayişlər meydana çıxa bilər. Millətlərə təzyiqlər, basqılar davam edir. Özəlliklə azərbaycanlılara qarşı.”

Saleh Kamrani bildirib ki, etirazların əsasən fars bölgələrində keçirilməsinə baxmayaraq, bildirildiyi kimi," Azərbaycan şəhərlərində nümayişlərin güclənə bilməsindən ehtiyat edərək, oraya daha çox sayda təhlükəsizlik qüvvələri göndərilib". O, azərbaycanlıların son etiraz aksiyalarında yüksək fəallıq göstərmədiyini deyib və bunun səbəblərini izah edib.

İranda nə baş versə, dost da olsa, düşmən də olsa, hamının gözü Azərbaycandadır-Azərbaycan neynəyəcək burda, nə cür özünü göstərəcək?
Saleh Kamrani

“Azərbaycan milli hərəkatının yaranması ilə İranda siyasi hərəkatların, ictimai hərəkatların tamamilə mahiyyəti dəyişir. İranda nə baş versə, dost da olsa, düşmən də olsa, hamının gözü Azərbaycandadır-Azərbaycan neynəyəcək burda, nə cür özünü göstərəcək? Qatılacaqmı-qatılmayacaqmı? Bu sorunu verirlər. Və mərkəziyyətçi güclərin, irançı-mərkəzçi güclər adət elədikləri bir məsələni onlar gözləyirlər ki, Azərbaycan, Təbriz özəlliklə gələr və status-kvonu dəyişdirər və sonra onlar istədiyi şəraiti hakim edərlər. Bura kimi 100 ildə belə olubdu....Azərbaycanlılar bu dəfə Azərbaycanı və öz milli varlığını düşünmədən yox, bunu əsas tutaraq, eyni halda demokratiyanı, insan haqlarını, qanunun aliliyini, bütün millətlərin rifahını nəzərdə tutaraq bir hərəkata girmək istəyir. Mərkəzi güclərə tamamilə etimadsızdır, onlardan sui-istifadə edəcəyini düşünür. Onun üçün yerdə gedən mübarizəyə elə baxır ki, güc nisbətini nə qədər dəyişdirmək imkanı görə bilsə, ona uyğun olaraq ortaya çıxıb və ya çıxmamağına qərar verir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG