Accessibility links

Saleh Rüstəmli 23 gündür aclıq edir, səhhətinin çox ağır olduğu bildirilir


"Saleh Rüstəmli çox çətin durumdadır."

Bu barədə həbsxanada 23 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, noyabrın 28-də bildirib.

Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

“Hazırda həkimlərlə məsləhətləşmədən gəlirəm, bildirirlər ki, quru aclığa keçsə 12-15 saat dözə bilər, bu müddətdən sonra orqanlar sıradan çıxacaq və bu orqanların fəaliyyətini bərpa etmək heç cür mümkün olmayacaq,” o qeyd edib.

Vəkil deyib ki, indiyədək o və qardaşları Rüstəmlinin quru aclığa keçməsinin qarşısını alır.

Saleh Rüstəmli noyabrın 26-da quru aclığa keçəcəyini, su içməkdən imtina edəcəyini bildirmişdi. Lakin vəkil və onun qardaşalrının təkidli xahişlərindən sonra quru aclığa keçməyib.

Vəkil Amerikanın Səsinə müsahibəsində hökumətə müraciət edərək bildirib ki, əgər hesab edirlərsə insan cinayət törədib, baxmayaraq mən də daxil, o təqsirli olduğunu qəbul etmir, artıq 3 il 7 aydır həbsdədir, özünün və qohumlarının əmlakını müsadirə ediblər.

“Bu insan kifayət qədər cəza çəkib. Onu nəzərə alsınlar.”

Dünən, oktyabrın 27-də B Ombudsman Aparatının əməkdaşları da Saleh Rüstəmliyə baş çəkib.

“Onların həkim əməkdaşı da müayinə edib. Vəziyyətinin ağır olduğunu bildiriblər. Ombudsman Aparatının əməkdaşları Ombudsman Səbinə Əliyeva ilə telefonla danışıb. Ombudsman Rüstəmlinin aclığı dayandırmasını israrla xahiş edib. Saleh Rüstəmli daim diqqət göstərdiyinə görə Ombudsmana təşəkkür edib və aclığı dayandırmayacağını bildirib,” vəkil qeyd edib.

Saleh Rüstəmli bildirib ki, məcburi qidalandırma olarsa öz bildiyi yoldan istifadə edəcək.

Bununla yanaşı, vəkil bildirib ki, Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumlardan heç bir reaksiya yoxdur.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG