Accessibility links

Saleh Rüstəmli 30 gündür aclıq edir


Saleh Rüstəmov
Saleh Rüstəmov

Həbsdə olan Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli 30 gündür aclıq edir.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, Rüstəmli sabahdan quru aclığa keçmək istəyir.

“O mənə dedi ki, dekabrın 6-da son sözünü deyəcək. Rüstəmli quru aclığa keçməkdə qərarlıdır,” vəklil qeyd edib.

Vəkil Rüstəmlinin vəziyyəti həddindən artıq ağır olduğunu deyib.

"Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, qırıq-qırıq danışır, cümlələri çətinliklə qurur," vəkil qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlı bu gün, dekabrın 5-də bildirib ki, Saleh Rüstəmli hər saat ölümə daha da yaxınlaşır.

“Etiraf edirəm ki, biz əqidə dostları üçün Saleh bəyin gözümüz önündə məhv edildiyini müşahidə etmək xüsusilə çətindir. Açıq bəyan edirəm ki, Saleh bəyin ölümünü sonadək oturub səssizcə izləyə bilmərik. Heç bir çarə qalmasa, Saleh Rüstəmliyə azadlıq tələbilə yenidən küçə və meydanlara çıxmağa da hazırıq. Bədəli nə olursa olsun. Ancaq hazırda bunu da edə bilmirik. Saleh bəyin azad edilməsi məsələsini hökumət rəsmilərilə müzakirə edən hüquq müdafiəçilərinin "indiki şəraitdə siyasi münasibətləri radikallaşdırmamaq" təklifini nəzərə alırıq. Hökumətə əlavə bəhanə verməmək üçün səbr edirik. Hazırda Saleh bəyin azadlığa çıxmasından, onu xilas etməkdən önəmli heç bir məqsədimiz yoxdur. Saleh bəyin həyatı bizim üçün hər cür siyasətin fövqündədir,” o qeyd edi.

Kərimli bildirib ki, Saleh Rüstəmli işgəncənin bitməsi üçün sabahdan sudan da imtina edib ölümünü sürətləndirəcəyini bildirib.

“Onun ölümünü təsəvvür belə etmək istəmirəm. Ancaq hakimiyyət də anlamalıdır ki, Saleh bəyin məhbəsdə ölümü ölkədə siyasi böhranı pik həddinə qaldırar, fəlakət ssenarilərinə yol açar. Saleh bəydən xahiş edirəm ki, həyatına qəsd etməsin. Heç bir halda quru aclığa başlamasın. Onun nəinki cəmiyyət, dostları qarşısında, himayəsində olan övladları qarşısında məsuliyyəti var. Hakimiyyətə də, cəmiyyətə də bir neçə gün əlavə vaxt versin,” AXCP sədri qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçiləri Rüstəmlini siyasi məhbus kimi tanıyıb. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

XS
SM
MD
LG