Dekabrın 10-da vəkil Bəhruz Bayramov həbsdə olan Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmli ilə Penitensiar Xidmətinin Müalicə Müəssisəsində görüşüb.
Vəkilin sözlərinə görə, Rüstəmli aclıq aksiyasını davam etdirir.
“Artıq 35-ci gündür. Mənə dedi ki, ağrılardan yata bilmir. Çox halsız idi. Dedi ki, artıq tükənirəm.”
Bayramov əlavə edib ki, Saleh Rüstəmlinin işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələ proseslər təyin olunmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmlii 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.