Həbsinə etiraz olaraq 39 gündür aclıq keçirdiyi deyilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin aclıq aksiyasına qoşulanların sayı artır.
Rüstəmlinin həmrəylik məqsədilə dekabrın 13-dən başlayan aclıq aksiyasının iştirakçılarının sayı 7-yə çatıb.
Aksiya iştirakçılarından olan Elman Quliyev Amerikanın Səsinə bildirib ki, aksiyaya qoşulanlar çox olsa da, yer baxımından məhdudluq var.
"Saleh Rüstəmliyə azadlıq!" tələbilə keçirlən aclıq aksiyasına Azərbaycan Xalq Cəbhəsi Partiyasaının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, bu partiyanın funksionerləri Ceyhun Novruzov, Seymur Əhmədzadə, ictimai fəal İlkin Rüstəmzadə, Müsavat Partiyasının fəalı Elman Quliyev qoşulub.
Dekabrın 14-də AXCP sədri Əli Kərimli aclıq aksiyasına qoşulanlara baş çəkib.
“Bütün azərbaycan narahatdır. Saleh bəyi hər an itirə bilərik. Hakimiyyət qəddarlığından geri çəkilmir. Hakimiyyət bu qəddarlığa son qoymalı, xalqı eşidib Saleh Rüstəmlini dərhal azad etməlidir!” deyə o bildirib.
Dekabrın 13-də Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmov, bacısı Yeganə Rüstəmova, xalası qızı Firəngiz Məmmədhüseynova və qardaşı oğlu Sayqın Rüstəm Penitensiar Xidmətin Müalicə Müəssisəsinin giriş qapısının qarşısına gələrək Rüstəmliyə dəstək məqsədi ilə quru aclığa başladıqlarını elan edib.
Hələlik, bu məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan və 39 gündür aclıq aksiyası keçirdiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli sudan da imtina etdiyini açıqlayıb.
Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Bir neçə gün öncə Saleh Rüstəmlini Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edən həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Saleh Rüstəmlinin durumu potensial ağırdır.
“Burada söhbət 37-38 gün aclqı edən insandan gedir. İkincisi, bu qədər zəifləmiş, çəki itirmiş, dərialtı piy əzələ kütləsi itirmiş adam üçün hər hansı qoşulan bir xəsətəlik (məsələn, adicə soyuqdəymə, pnevmaniya) onun həyatına son qoya bilər. Yəni, vəziyyət ciddidir və təhlükəlidir. Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir. Onu bu yoldan daşındırmaq lazımdır. Əgər Rüstəmli buna gedərsə onu itirə bilərik,” tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.
Rəsmi qurumlar aclıq aksiyası ilə bağlı hələ şərh verməyib.
Yalnız dekabrın 9-da Penitensiar Xidmətdən yerli mediaya bildiriblər ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.
ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.
AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.
“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.