Accessibility links

Saleh İldırım: Millətin müstəqilliyi onun öz iradəsinə bağlıdır [Audio-Müsahibə]


Saleh İldırım

Saleh İldırımın sözlərinə görə, Kataloniya və Kürdüstan müstəqilliklərini əldə etmək üçün kifayət qədər səy göstərməyə anil olmadılar. "Kataloniya Avropanın demokratiyasına inandığı üçün dirənmədi, Kürdüstanda isə bunun infrastrukturu hazırlanmamışdı,” o deyir. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Amerikanın Səsinə müsahibədə son vaxtlar İraqın Kürdüstanı və İspaniya Kataloniyasında yeni dövlətqurma cəhdlərinin uğursuz nəticələnməsinin səbəblərini dəyərləndirib.

Biz hər hansı Avropa ölkəsinin Kürdüstandakı referenduma qarşı çıxmasını görmədik.
Saleh İldırım

İldırımın fikrincə, Avropa Kataloniya məsələsində iddia etdiyi kimi insan haqları və demokratiya əsaslarına görə deyil, iqtisadi mənafeyinə müvafiq olaraq davranıb, Kataloniya liderləri isə Avropadakı demokratiyaya inanaraq yetərincə müqavimət göstərməyiblər.

Kataloniyada müstəqillik tərəfdarlarının mitinqi
Kataloniyada müstəqillik tərəfdarlarının mitinqi

“Bu hadisələr dünyanın iki dəyişik bölgəsində baş verdi. Biri silahların danışdığı bir bölgədə, biri də demokratiyanın sözdə mərkəzi olan bir bölgədə. İki mədəni hərəkət. Yəni bunlar silahla olmadı. İkisində də, referunduma gedildi. Xalqın səsinə müraciət olundu. Demokratiyanın əsasına dayanaraq bu səslərə hörmət edilməli idi. Amma, təəssüf ki, demokratiyanın mərkəzi və qaynağı olduğunu iddia edən Avropada buna tamamən başqa şəkildə yanaşıldı,” deyə Saleh İldırım bəyan edir.

Əvvəla, bir millətin müstəqilliyi dünyanın baxışından daha çox, o millətin öz iradəsinə bağlıdır. O iradəni nə formada nümayiş etdirməsi və nə qədər onun arxasında durmasına bağlıdır. Yoxsa bu gün dünya güclərinin istəmədiyi hadisələr də baş verir.
Saleh İldırım

Amma o, Kürdüstanda baş verənlərin fərqli olduğunu önə çəkir.

Onun dediklərinə görə, “Yaxın Şərqdə məsələ fərqlidir. Kürdüstanın, Azərbaycanın ya hər hansı başqa bölgənin müstəqilliyinin birbaşa Avropa üzərində təsiri yoxdur. Buna görə də biz hər hansı Avropa ölkəsinin Kürdüstandakı referenduma qarşı çıxmasını görmədik. Hamısı ancaq dedilər ki, zamanı deyil və bunu təxirə salın... Amma onlar İspaniyanın bütövlüyünü və Madridin hakimiyyətini kəskin dəstəklədilər. İkili standart dediyim budur...”

İldırım Kataloniya və Kürdüstanda müstəqillik üğrunda cəhdlərin uğursuz nəticələnməsinin dünyada oxşar fikirlərin mövcud olduğu toplumlar üzərindəki təsirinin qısa-müddətli olacağını vurğulayır.

“Əvvəla, bir millətin müstəqilliyi dünyanın baxışından daha çox, o millətin öz iradəsinə bağlıdır. O iradəni nə formada nümayiş etdirməsi və nə qədər onun arxasında durmasına bağlıdır. Yoxsa bu gün dünya güclərinin istəmədiyi hadisələr də baş verir. Onların istəmədiyi dövlətlər də var, qurumlar da qurulur... O dövlətlərin üstünə gedib onları vururlar, amma sonra bir şəkildə anlaşırlar da,” GAİP sözçüsü əlavə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG