Oktyabrın 30-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. O qeyd edib ki, faiz dəhlizinin uçot dərəcəsinə nisbətən yuxarı və aşağı həddi 2% təyin edilib. Maliyyə məsələləri üzrə ekspert Samir Əliyev məsələ ilə bağlı Amerikanın Səsinə müsahibə verib.
Əgər ölkədə yüksək inflasiya səviyəsi varsa, bu halda uçot dərəcələri qaldırılır və bununla da resurslar məhdudlaşdırılər və iqtisadi aktivlik zəiflədilir. Amma əgər iqtisadi aktivlik zəifdirsə, inflasiya səviyyəsi aşağıdırsa, ölkədə iqtisadi inkişafı təmin etmək lazımdırsa, uçot dərəcəsi endirilir.Samir Əliyev
Amerikanın Səsi: Samir bəy, bu gün Mərkəzi Bank uçot dərəcəsini 10 faizdən 9.75 faizə endirib. Uçot dərəcəsi nədir və bunun Azərbaycan vətəndaşının rifahına təsirləri nədən ibarətdir?
Samir Əliyev: Uçot dərəcəsi mərkəzləşdirilmiş kredit hesab olunur. Sadə dillə desək, Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlərin orta faiz dərəcəsidir. Bu faiz dərəcəsi ölkədəki iqtisadi vəziyyətə, makro-iqtisadi sabitliyə əsasən artırıla və ya azaldıla bilər. Yəni bir qayda olaraq, əgər ölkədə yüksək inflasiya səviyəsi varsa, bu halda uçot dərəcələri qaldırılır və bununla da resurslar məhdudlaşdırılər və iqtisadi aktivlik zəiflədilir. Amma əgər iqtisadi aktivlik zəifdirsə, inflasiya səviyyəsi aşağıdırsa, ölkədə iqtisadi inkişafı təmin etmək lazımdırsa, uçot dərəcəsi endirilir. Bu o deməkdir ki, uçot dərəcələrinin aşağı salınması bankların aktiv kreditləşməsinə, bu da öz növbəsinə banklar tərəfindən sahibkarların aktiv kreditləşməsinə gətirib çıxarır. Bu baxımdan Mərkəzi Bank uçot dərəcəsini tənzimləyir. Dünyada bütün banklar tərəfindən analoji addımlar atılır.
Amerikanın Səsi: Cari il 15 faizlik dərəcə ilə başlayıb və artıq 9.75 faizədək düşüb. Azərbaycandakı iqtisadi reallığı nəzərə aldıqda bu il uçot dərəcələrinin azaldılmasının səbəbini nə ilə izah edərdiniz?
Samir Əliyev: Diqqət yetirsəniz, devalvasiya ərəfəsində Azərbaycanda uçot dərəcəsi 3 faiz idi və devalvasiyanın 2015-ci ildə baş verməsinə baxmayarq, bizdə 2016-cı ildə uçot dərəcələri qaldırıldı. Biz bunu Rusiya müqayisə etsək görərik ki, Rusiyada bu addım daha tez atıldı, uçot dərəcələri qaldırıldı. Bizdə çox gec addım atıldı və tədricən, mərhələlərlə uçot dərəcələri qaldırılaraq 15 faizə çatdırıldı və sonra da müəyyən sabitlik yarandığından əks proses getdi və uçot dərəcələri aşağı salınmağa başladı, nəyahət isə bu gün sonuncu dəfə 9.75 faizədək endirildi. Uçot dərəcələri bir qayda olaraq Azərbaycanda 1 və ya 2 faiz bənd endirilir. Mən deyərdim bu bəlkə də ilk dəfədir ki, bu qədər kiçik həcmdə, sanki ABŞ-ın Fed-i tərəfindən uçot dərəcələrinin aşağı salınıb, qaldırılması dərəcəsindədir. Çox təəssüf ki, Azərbaycanda uçot dərəcələrinin ölkə iqtisadiyyatında bir o qədər də əhəmiyyəti yoxdur digər ölkələrdə olduğu kimi. Məsələn, 2008-2009-cu ildə dünyada qlobal böhran olanda manata təzyiqlər artdı və həmin ərəfədə Mərkəzi Bank uçot dərəclərini aşağı saldı, 15 faizdən mərhələlərdə 2 faizədək dəyişdi. Belə baxanda 7.5 dəfə azaldılma baş verdi. Ancaq bu kredit faizlərinə təsir etmədi.
Amerikanın Səsi: Siz qeyd etdiniz ki, nəzəri cəhətdən uçot dərəcəsinin azaldılması kredit faizlərinin də azaldılmasına gətirib çıxarmalıdır. Bəs Azərbaycanda uçot dərəcəsinin azaldılması kredit faizlərinə hər hansı bir təsiri olur mu? Olursa, bu vətəndaşların və ya bizneslərin banklardan daha çox kredit almalarına gətirib çıxarırmı?
Samir Əliyev: Mən düşünərm ki, Azərbaycanda uçot dərəcələrinin iqtisadiyyata təsir etməməsinin səbəbi odur ki, bankların kredit portfelində mərkəziləşdirilmiş kreditlər, yəni Mərkəzi Bank tərəfindən ayrılmış kreditlərin payı çox azdır. Kreditlərin faiz dərəcəsinə əmanətlərin faiz dərəcəsi təsir göstərir. Təsəvvür edin ki, əgər ölkədə manatla əmanətin faiz dərəcəsi illik 14-15 faizdirsə, verilən kreditin də faiz dərəcəsi ən azı 20 faizdək yüksək olmalıdır. Bu amil, yəni resursların baha olması, kredit vermək üçün sonda ona gətirib çıxarır ki, verilən kreditlər də baha olur. Mərkəziləşdirilmiş kreditlər əmanətlərdən fərqli olaraq bizdə aşağıdır, yəni bugünkü dəyişikliyi də nəzərə alsaq, 9.75 olur. Bu isə bankların daha ucuz resurs əldə etmələrinə gətirib çıxara bilər. Amma bizim qanunvericilikdə də, mərkəziləşdirilmiş krediti heç də hər bir bank götürə bilməz. Bunun üçün müəyyən şərtlər var ki, banklar bu şərtlərə cavab verməlidir. Görünür bu şərtlərə cavab verməməyin nəticəsidir ki, ümumilikdə uçot dərəcəsinin dəyişməsi kredit faizinə heç bir təsir göstərmir. Son dəyişiklik depozit hərraclarına təsir göstərəcək, çünki Mərkəzi Bankın qaydasına görə, faiz dəhlizinin yuxarı və aşağı həddi var. Uçot dərəcələri müəyyənləşdirilir və iki faiz bənd yuxarı olmaqla yuxarı hədd və 2 faiz bənd olmaqla aşağı hədd sayılır. Son dəyişikliyi, uçot dərəcəsinin 9.75 faiz olduğunu nəzərə alsaq, uçot dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 faiz olur.
2.6 faiz müqabilində uçot dərəcəsi 10 faizdən 9 və ya 8 faizə düşməli idi, amma cəmi 0.25 faiz aşağı salındı. Bu onu göstərir ki, bizdə maliyyə sektoru hələ də, kövrəkdir və Mərkəzi Bank konservativ yanaşma tətbiq edir və uçot dərəcələrini kəskin aşağı salmağa hələ ki, tələsmir.Samir Əliyev
Mərkəzi Bank həm depozit hərracları keçirir həm də qısa müddəlti notları buraxır. Bu qısa müddtəli notların əsas alıcısı banklardır, həm də depozit hərracların iştirakçısı da banklardır. Nəzərə alsaq ki, ayda dörd dəfə hərrac keçirilir, son bir neçə ayın nəticələri göstərir ki, tələb təklifi 3-4 dəfə üstələyir. Mərkəzi Bank depozit hərrracı olaraq 200-300 milyon arası təklif edir, ancaq banklar tərəfindən tələb təxminən 800 milyon - 1.2 milyard arası təşkil edir. Yəni, konqret olaraq, sonuncu hərrac 1.2 milyarddan çox olub. Bütün bu tələbin yüksək olmasına baxmayaraq, yatırılan depozitlərin illik faiz dərəcəsi 8.01 faizdir. Uçot dərəcəsinin aşağı həddinin 8 faiz olması imkan vermirdi ki, Mərkəzi Bank tələbin yüksək olmasına baxmayaraq faiz dərəcəsini aşağı salsın. Son dəyişiklikdən sonra, bu, Mərkəzi Banka imkan verəcək ki, faiz dərəcəsini banklar üçün aşağı salsın. Yəni bu həm depozit hərracında baş verəcək, həm də qısa müddətli notların satışında. Əsas təsir bununla bağlıdır. Qeyd edək ki, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salmaqla bağlı açıqlamasında da bir daha göstərilir ki, burada inflasiya amili rol oynayır və qeyd edilir ki, 9 ayın nəticələrinə görə, təxminən 2.6 faiz inflasiya səviyyəsi olub. Amma 2.6 inflasiya faiz fonunda uçot dərəcəsinin 9.75 faiz olması nə dərəcədə düzgündür? Misal olaraq Rusiyanı götürək, çünki biz Rusiya ilə demək olar oxşar iqtisadiyyata malikik, neftdən asılılıq baxımından. Rusiyada da oktyabr ayının 26-da uçot dərəcələri 7.5 faiz səviyyəsində saxlanıldı. Rusiyada isə inflasiya səviyyəsi 3.4 faizdir. Yəni 3.4 faiz qarşısında uçot dərəcəsi 7.5 faizdir, təxminən 2 dəfəlik fərq var. Amma Azərbaycan 2.6 faizlik inflasiyanın qarşılığında azı 4 dəfə fərq var. Bir qayda olaraq inflasiya ilə uçot dərəcəsi arasındakı fərq çox az olur, yəni inflasiya qalxdıqca uçot dərəcəsi qaldırır və əksinə. 2.6 faiz müqabilində uçot dərəcəsi 10 faizdən 9 və ya 8 faizə düşməli idi, amma cəmi 0.25 faiz aşağı salındı. Bu onu göstərir ki, bizdə maliyyə sektoru hələ də, kövrəkdir və Mərkəzi Bank konservativ yanaşma tətbiq edir və uçot dərəcələrini kəskin aşağı salmağa hələ ki, tələsmir. Növbəti yığıncaq dekabrda olacaq və əgər inflasiya səviyyəsi indiki həddə, neftin dünya bazarındakı qiyməti də indiki səviyyədə qalrsa, düşünərm ki, bu iclasda uçot dərəclərinin bir qədər də aşağı salınması mümkündür.