Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Yasamal rayon şöbəsinin üzvü Samir Məmmədliyə inzibati qaydada 30 sutka həbs cəzası verilib.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

O, Məmmədlinin həbsinin səbəbi, hansı ittihamla saxlanılması və hansı məhkəmənin barəsində həbs qərarı çıxarması barədə məlumata malik deyil.

Bayramlı Samir Məmmədlinin noyabrın 3-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıldığını bildirib.

Gənc fəalın həbsinə AXCP sədri Əli Kərimli münasibət bildirib.

“AXCP Yasamal şöbəsinin gənc üzvü Samir Məmmədovu “bandotdel” (BMCMİ nəzərdə tutulur-red) həbs etmişdi. İndi məlum olur ki, xəlvətcə keçirilən ASAN məhkəmə vasitəsilə Samir bəyi 30 sutka müddətinə inzibati qaydada həbs ediblər. Hakimiyyət gənclərin kütləvi şəkildə ictimai-siyasi proseslərə, xüsusilə də AXCP-yə qoşulmasından çox qorxur. Amma anlamırlar ki, onlardan qabaq mövcud olmuş diktaturalar, avtoritar rejimlər də qorxurdu və həbs etməklə qorxutmağa çalışırdı, lakin repressiyaların onlara faydası olmadı… Həbslərin sizə də faydası olmayacaq, sizin də istiqamətiniz oraya doğrudur!” AXCP sədri Facebook səhifəsində yazıb.

Rəsmi orqanlar fəalın həbsinin səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG