Accessibility links

ABŞ-ın İrana qarşı sanksiyalarının Cənub Qaz dəhlizi layihəsinə şamil olunmadığı bildirilir


Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb.

AZƏRTAC dövlət agentliyinin bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də ABŞ Federal Reyestrində nəşr olunan bildirişində deyilir.

Sənəddə bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək antiiran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan antiiran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.

Qeyd olunur ki, antiiran sanksiyaları, həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.

İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İrana qarşı avqustun əvvəlində tətbiq etdiyi ilk sanksiya paketi də “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib.

ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Avropa İttifaqının prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə nəql edir. Gələcəkdə isə təbii qaz bu ölkədən Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

XS
SM
MD
LG