Accessibility links

Isa Qəmbər xəstəxanadan çıxıb


İsa Qəmbər (Foto Arif Hacılının facebook səhifəsindədir)
İsa Qəmbər (Foto Arif Hacılının facebook səhifəsindədir)

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər martın 14-də müalicə aldığı Türkiyədəki Hacettəpə xəstəxanasından çıxıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.

“İsa bəyin Ankarada müayinə və müalicəsi uğurla başa çatdı. Xəstəxanadan çıxdı. Yaxın günlərdə Bakıya dönəcək”, Hacılı qeyd edib.

Bu il yanvarın 13-də ürəyində narahatlıq yaranan İsa Qəmbər Bakıda Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb.

Fevralın sonlarında o, yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib.

Fevralın 28-də isə İsa Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Türkiyəyə gedib. O, Ankara Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündə müalicə olunub.

Xəstəxananın nevrologiya bölümündən BBC radiosuna bildiriblər ki, İsa Qəmbər Bakıda beyin qanaması keçirib.

“Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Bilinci yerindədir. Yeməyini yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə onun istirahət etməsi lazımdır", BBC xəstəxanadakı mənbəyə istinadən yazıb.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.

1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub.

XS
SM
MD
LG