Accessibility links

Pambıq tarlasında zəhərlənməyə görə cinayət işi açılıb [Yenilənib]


İyunun 11-də Baş Prokurorluq Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, iyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini "Kimyəvi dərman zəhərlənməsi" diaqnozu ilə xəstəxanaya gətirilib.

"Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb. Zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib".

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma- ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb. İş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib", məlumatda vurğulanır.

Rəsmi açıqlamada habelə, bildirilir ki, zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

"Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib", məlumatda qeyd edilir.

***

Iyunun 10-da Saatlı rayonunda Simadakənd kəndi (Bakıdan 191 kilometr cənub-qərb) ərazisindəki pambıq tarlalarında ziyanvericilərə qarşı dərmanlamadan sonra iyirmidən çox insan zəhərlənərək xəstəxanaya yerləşdirlib. Bu barədə Amerikanın Səsinə yerli mənbələrdən bildiriblər.

Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 24 nəfər daxil olub.

“20 nəfər Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Onlardan iki nəfəri artıq evə buraxılıb. 4 nəfər isə Bakı Şəhər Toksikologiya Mərkəzinə yerləşdirilib. Toksikoloji mərkəzə yerləşdirlənlərin vəziyyəti orta ağırdır”, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

XS
SM
MD
LG