Accessibility links

Saxlanılan icra hakimiyyəti başçıları - rüşvət, korrupsiya və ictimai-siyasi baxışlar


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nizaməddin Quliyevi saxlayarkən
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nizaməddin Quliyevi saxlayarkən

Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, onun birinci müavini Ramiz Tatarovun, Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun və digərlərinin saxlanılması ilə bağlı yaydığı məlumat geniş ictimai müzakirələrə yol açıb.

İctimai-siyasi xadimlər, ekspertlər, ictimaiyyətin nümayəndələri sosial şəbəkələrdə ölkədə rüşvətin geniş yayıldığını və buna qarşı mübarizənin genişləndirilməsinin vacibliyini qeyd edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin yalnız yotube kanalında icra hakimiyyəti başçısının rüşvət alması əks olunan video reportajına bir neçə saat ərzində 260-dan çox şərh yazılıb. Bir çox şərhlərdə konkret rüşvət faktları barədə məlumatlar əksini tapıb və insanlar həmin faktlar üzrə araşdırlma aparılmasını xahiş edir.

Prezident İlham Əliyev oktyabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə bildirib ki, qanusuzluqlar araşdırılır. Müxalifət və ictimai fəallar isə ölkədə rüşvət faktalrına daha sərt münasibət bildirib.

Bir sıra ictimai fəalların, müxalifət liderlərinin və ekspertlərin şərhlərini təqdim edirik.

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin…

Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə deyib ki, hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir.

Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı.
İlham Əliyev, Azərbaycan prezidenti

“Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq,” prezident qeyd edib.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev: Məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır

İqtisadçı Rövşən Ağayev hesab edir ki, əgər icra hakimiyyəti başçıları korrupsiya, rüşvət ittihamı ilə həbs edilirsə, kütləvi şəkildə bütün vəzifəli şəxslərin xidməti otaqlarına kameralar yerləşdirməkdən daha mükəmməl mexanizm var.

Vəzifəli şəxslərin xərclərinin və aktivlərinin onların gəlirlərinə uyğunluğunun izlənməsinə dair işlək mexanizmlər qəbul edilməli, uyğunsuzluq aşkarlındıqda onların əmlakının dərhal konfiskasiyasını nəzərdə tutmalıdır.
Rövşən Ağayev, ekspert

“Həm də bu mexanizm selektiv yanaşmır, istənilən məmurun fəaliyyətini, həyat tərzini izləməyə imkan verir, korrupsioner olub-olmadığını, xırda rüşvətxor, yoxsa iri korrupsioner olduğunu dərhal aşkarlamağa imkan verir. Vəzifəli şəxslərin xərclərinin və aktivlərinin onların gəlirlərinə uyğunluğunun izlənməsinə dair işlək mexanizmlər qəbul edilməli, uyğunsuzluq aşkarlındıqda onların əmlakının dərhal konfiskasiyasını nəzərdə tutmalıdır.
Bütün məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır. Ailəsinin və özünün xərcləri və sahib olduqları sərvətlər ailənin rəsmi gəlirlərini üstələdiyi an prokurorluq orqanları təqdimat gözləmədən araşdırma, zərurət yarandıqda istintintaq başlamaqla bağlı müstəsna səlahiyyətlər qazanmalıdır,” ekspert facebook səhifəsində qeyd edir.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: Heç monqol-tatar işğalı dövründə Azərbaycanda rüşvət belə şəbəkələşməyib

Milli Şuranın sədri Cəmil Həsənli tənqidi məqalə ilə çıxış edib. Məqalədə deyilir:

İki icra başçısı tutulub. Nizaməddin Quliyev Tatarovdan növbəti rüşvəti qəbul edəndə onun otağındakı televizorda İlham Əliyevin reklam çarxı fırlanır və o, deyir ki, "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!" Elə bu sözlərin sədası altında icra başçısı rüşvəti alır və əlindəki pul bağlamasını Tatarova uzadır ki, ala bundan min manat sən götür. Cəmiyyətə təqdim olunan rəsmi məlumatın sonluğu çox maraqlıdır. Orada deyilir ki, bu adamlar təkrar rüşvət aldıqlarına görə tutulublar. Bu ifadə ictimai məzmununa görə yeni bir termindir.

Tatarov kamera qarşısında nə deyir? Deyir ki, 20-yə yaxın kənd, qəsəbə və şəhər icra nümayəndələrindən hər ay toplanan pulu ərazi idarəetmə orqanları şöbəsi üç min, iki min, birindən bir min, ikisindən adambaşı beş min pul toplayıb mənə gətirir və mən də həmin dəqiqə Nizaməddin müəllimə çatdırıram. Rayonda rüşvətdən kənar bir sahə yoxdur.
Cəmil Həsənli, Milli Şuranın sədri

Tatarov kamera qarşısında nə deyir? Deyir ki, 20-yə yaxın kənd, qəsəbə və şəhər icra nümayəndələrindən hər ay toplanan pulu ərazi idarəetmə orqanları şöbəsi üç min, iki min, birindən bir min, ikisindən adambaşı beş min pul toplayıb mənə gətirir və mən də həmin dəqiqə Nizaməddin müəllimə çatdırıram. Rayonda rüşvətdən kənar bir sahə yoxdur. Məktəb direktorları, səhiyyə idarələri və məntəqələri, iş adamları hamısından aylıq "haqq" alınıb. Rüşəvət kimi natəmiz əməl bizim ölkəmizdə "haqq" donuna girib.

Nizaməddinin seyfindən dövlət işinə aid bircə sənəd belə çıxmadı. Çıxan sənədlər hamısı rüşvət hesabatları, vəzifəli şəxslərin və iş adamlarının verdikləri rüşvətin öz dəsti-xətləri ilə yazdıqları hesabatlarıdır. İlham Əliyev belə mütəşəkkil rüşvət və korrupsiya şəbəkəsi yaratdığına görə Nizaməddin Qiliyevə şöhrət ordeni vermişdi. Yəqin o ordeni də rüşvətlə alıb Nizaməddin. Hələ üstəlik oğlunu da elə həmin qaydada korrupsiyaya qarşı mübarizə idarəsinə, digərini də rayon hakimi vəzifəsinə yerləşdirib.

Yevlaxın yaxın günlərdə işdən azad edilmiş icra başçısı Qoca Səmədov da saç - saqqalını rüşvətlə ağardıb. Onun suçu (hələlik) saxta iş yerlərinin pul kartlarını özündə saxlayıb küllü miqdarda dövlət vəsaitini daldalamaqdır. Az əvvəl Xaçmazı ata mülkünə çevirmiş Şəmsəddin Xanbabayev haqqında məlumat yayılmışdı ki, Prezidentin Aparatının kvotası üzrə açılan 600 saxta iş yerinin ölü canlarından 520-sinin pul kartı Xanbabayevin nəzarətində olub. Vəzifədən çıxaran kimi dərhal YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

İcra hakimiyyəti başçısının seyfindən götürülən qeydlər
İcra hakimiyyəti başçısının seyfindən götürülən qeydlər

İlham Əliyev Nizaməddinin, Qocanın, Xanbabayevin ölü canlarını diri bilib bir milyon yarımdan artıq iş yeri açdığını bəyan edirdi. Keçmiş rabitə naziri yazılı və şifahi ifadə verdi ki, hər 350 min manat həçmində paket alıb. Tək Nizaməddin və Tatarov deyil, hamısı belədir. Heç monqol-tatar işğalı dövründə Azərbaycanda rüşvət İlham Əliyevin idarəçiliyi dövründə olduğu kimi şəbəkələşməmişdi. İstisnasız olaraq bütün icra başçıları bütün kənd icra nümayəndələrindən, rayon və şəhər idarələrindən, məktəb direktorlarından, səhiyyə təşkilatlarından, iş adamlarından, bazarlardan, bir sözlə əlinə pul dəyən hər kəsdən aylıq rüşvət yığırlar. Bu məmləkətin hər məclis seçkisində deputat yerlərini hərraca çıxarıb mandat satıblar.

Naziri belə, prokuroru belə, polisi belə, məhkəməsi belə, rektoru belə, əl-qərəz Azərbaycan adlı məmləkətdə rüşvət və korrupsiyadan kənar həyat yoxdur. Bu rüşvət və korrupsiya sistemini yaradan, onu şəbəkələşdirən, onun başında dayanan bilavasitə İlham Əliyevdir. Elə Nizaməddin tutulan gün məlumat yayıldı ki, İlham Əliyevin qızları Maltadan Dubaya 15 milyon avro pul transferi ediblər. Hakim ailənin dünyanın az qala bütün ekzotik adalarını bürümüş bu qədər pulu haradandır?

Balıq başdan iylənər. Amma bizim balığın iylənməyən bir yeri qalmayıb. Nizaməddin, Qoca, Tatarov və başqaları İlham Əliyevin rüşvət və korrupsiya maşının olsa-olsa xırda vintçikləridir. Çox islahat-mislahat deyirlər. Özünüzü yormayın, işləməyəçək o islahat. Çünki o islahatı elə korrupsiya şəbəkəsinin başında dayanan İlaham Əliyev Nizaməddinlə, Qoca ilə, Tatarovla aparırdı. İslahatın "uğuruna" görə Nizaməddinə "Şöhrət" ordeni, işi ancaq icra başçısına pul daşımaqdan ibarət olan Tatarova " Tərəqqi" medalı verirdi.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının hər bir üzvü qanun qarşısında bərabərdir

Yeni Azərbaycan Partryasının İcra katibinin müavini Siyavuş Novruzov trend agentliyinə bildirib ki, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında cavab verməlidir.

Partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, bizim partiya üzvlərimiz ikiqat məsuliyyət daşıyır. Həm partiyada təmsil olunduğuna görə, həm də cinayət törətdiyinə görə.
Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini


"Hansı partiya üzvlüyündən, hansı peşə sahibi olmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, əgər şəxs cinayət törədibsə və bu, məhkəmə qaydasında sübuta yetirilirsə, o, məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyasının mövqeyi həmişə belə olub. İstər YAP üzvü olsun, istər digər siyasi partiya təmsilçisi, fərqi yoxdur. Onlar da hər bir sadə vətəndaşlar kimi eyni hüquqa malikdir. Bu baxımdan da partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, bizim partiya üzvlərimiz ikiqat məsuliyyət daşıyır. Həm partiyada təmsil olunduğuna görə, həm də cinayət törətdiyinə görə. Bəzən görürsən ki, ayrı-ayrı siyasi partiyaların nümayəndələri bu və ya digər şəkildə ictimai təhlükəli əməl törədirlər və partiya qalxanının arxasında gizlənməyə cəhd edirlər. İfşa olunduqda isə həmin partiya rəhbərləri Avropa Şurasına, başqa-başqa qurumlara müraciətlər edirlər. Onlar istəyirlər ki, törətdikləri əməli ört-basdır etsinlər".

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nizaməddin Quliyevi saxlayarkən
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nizaməddin Quliyevi saxlayarkən

YAP funksioneri əlavə edib ki, demokratiya, insan hüquq və azadlıqları hər bir şəxsin törətdiyi əmələ görə cavabdehlik daşımasını tələb edir. O baxımdam, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də qanun qarşısında bərabərdir.

Qeyd edək ki, dekabrın 19-da Sabirabad rayon sakini Fariz Ağayev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik maddə aşkarlanıb. Saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

Aslan İsmayılov
Aslan İsmayılov

Aslan İsmayılov: Vəzifədən kənarlaşdırılanlar külli miqdarda pul toplayıb real gücə çevriliblər

Hüquqşünas Aslan İsmayılov bildirib ki, hakimiyyətin son dövrlər atdığı addımları dəstəkləyir.

Əminəm ki, bunlar bu dəqiqə başlanmış dəyişiklikləri dayandırmaq üçün bütün yollara əl atacaqlar, narazı insanları öz məqsədləri naminə istifadə edib, ətraflarında birləşdirib bu prosesin dayandırılması üçün ölkədə qarşıdurma yaratmağa çalışacaqlar.
Aslan İsmayılov, hüquqşünas

“Hakimiyyətin son bir ildə atdığı müsbət addımları dəstəklədiyimə görə məni topa tutanlara bir daha deyirəm ki, ölkədə olan qanunsuzluqları çoxlarından yaxşı bilirəm və uzun illərdir bu barədə yeri gəlsə hamıdan çox yazıram. Onu da bilirəm ki, uzun illərdir oturuşmuş sistemi qısa zamanda dəyişmək mümkün deyil, buna vaxt və ilk növbədə ictimai dəstək lazımdır. Bilmək lazımdır ki, bu gün vəzifədən kənarlaşdırılanlar 10 illər ərzində özləri, qohum-əqrəbaları külli miqdarda pul toplayıb real gücə çevriliblər. Əminəm ki, bunlar bu dəqiqə başlanmış dəyişiklikləri dayandırmaq üçün bütün yollara əl atacaqlar, narazı insanları öz məqsədləri naminə istifadə edib, ətraflarında birləşdirib bu prosesin dayandırılması üçün ölkədə qarşıdurma yaratmağa çalışacaqlar. Ona görə də bu gün keçmişdə olanları kənara qoyub hakimiyyətin atdığı istənilən müsbət addımları dəstəkləməklə baş verən proseslərin daha da dərinləşməsinə və sürətlənməsinə sövq etməklə nail ola bilərik.

Qoca Səmədov
Qoca Səmədov

2005-ci ildə olduğu kimi bu gün hakimiyyətdən uzaqlaşdırılmış, həbs olunmuşları müdafiə etmək, onlardan siyasi məhbus düzəltmək baş verən proseslərin dayandırılmasına xidmət etməkdir. Dəfələrlə təkrarladığım Rusiya islahatçısı Stolıpinin bolşeviklərə ünvanlanmış sözlərini bir daha təkrar edirəm. O vaxt başladılan proseslərin həyata keçirilməsinə mane olmaq istəyən, nəyin bahasına olursa olsun ölkədə hərc-mərclik yaratmaq istəyən bolşeviklərə "Sizə böyük təlatümlər, mənə isə böyük Rusiya lazımdır!" demişdi. İndi məni topa tutanlara deyirəm, Sizə böyük təlatümlər, mənə isə güclü, inkişaf etmiş Azərbaycan lazımdır,” hüquqşünas facebook səhifəsində yazıb.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: Bu sxemlə işləyən daha bir neçə icra başçısı var

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, vəzifəli şəxslərin rüşvət və korrupsiya faktları ilə bağlı araşdırlmalar davam etdirilməlidir.

Əgər məsələ rayonlarda iş yerlərinin açılması üçün ayrılmış vəsaitləri müxtəlif adamlar adına yazaraq mənimsəməkdən ibarətdirsə, güman etmək olar ki, həbslərin arxası gələcək.
Bəxtiyar Hacıyev, ictimai fəal

“Bu gün Ağstafa icra hakimiyyəti başçısı Nizaməddin Quliyev də, onun iki müavini Lalə Eyyubova (baş nazirin müavini Yaqub Eyyubovun qardaşı nəvəsi) və Ramiz Tatarov da həbs ediliblər. Əgər məsələ onların rayonlarda iş yerlərinin açılması üçün ayrılmış vəsaitləri müxtəlif adamlar adına yazaraq, həmin kartları otaqlarında saxlayıb, mənimsəməkdən ibarətdirsə, güman etmək olar ki, həbslərin arxası gələcək. Bu sxemlə işləyən bir neçə icra başçısı daha var,” o facebook səhifəsində yazıb.

Etibar Əliyev
Etibar Əliyev

Etibar Əliyev: İcra başçılarının zərbə vurduqları ən gərəkli sahə təhsildir

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev hesab edir ki, yerli icra hakimiyyəti başçılarının ən böyük zərbə vurduğu sahə təhsildir.

Məktəb direktorları, rayon təhsil şöbələrinin müdirləri əksəriyyəti savadsız olan başçıların əlində girinc qalıblar
Etibar Əliyev, təhsil eksperti


“Ölkədə ən çox narazılıqlar icra hakimiyyətinin başçılarındandır. İcra başçılarının zərbə vurduqları ən gərəkli sahə təhsildir. Məktəb direktorları, rayon təhsil şöbələrinin müdirləri əksəriyyəti savadsız olan başçıların əlində girinc qalıblar. Məktəbə canı yanan, işini bilən, savadlı yüzlərlə məktəb direktorları onların təhdidləri ucbatından məktəbi tərk ediblər. Sahibkarları regionlardan didərgin salanlar da onlardır. Bu gün regionlarda insanlar icra başçılarının qəbuluna düşə bilmirlər. Hələ yaratdıqları qorxu mühitini demirəm. Düşünürəm ki, Nizaməddin Quliyevin həbsindən sonra çoxları özünü yığışdıracaq.”

Ekspert neçə ildir mətbuatdan oxuyur ki, Nizaməddin Quliyev sahibkar Müqais Verdiyevin 156 min manat pulunu abadlaşma adı ilə ələ keçirib.

“Sahibkarın oğlunun yazdığına görə pulu qaytarmamaq üçün hətta Quliyev onun atasını həbs etdirib. İndiyə qədər adı çəkilən sahibkarın ah-naləsinə hüquq - mühafizə orqanları niyə məhəl qoymurdu?” Əliyev sual edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG