Accessibility links

Saytların bloklanması məsələsinə Ali Məhkəmə baxacaq


Bunlar AzadlıqRadiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info saytları, eləcə də MeydanTV, TuranTV və "Azərbaycan saat" televiziya proqramının internet səhifələridir

Bir neçə xəbər saytının rəsmi qaydada bloklanması məsələsinə yaxın vaxtlarda Ali Məhkəmədə baxılacaq. Bunlar AzadlıqRadiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info saytları, eləcə də MeydanTV, TuranTV və "Azərbaycan saatı" televiziya proqramının internet səhifələridir. Bakı Apellyasiya Məhkəməsi saytların bloklanması barədə qətnaməni qüvvədə saxlayandan sonra adları çəkilən media orqanları, o cümlədən AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Martın sonlarında bəzi internet provayderləri ilə azadliq.info-ya maneəsiz giriş mümkün idi, digər saytlarla bağlı vəziyyət isə dəyişməmişdi.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna bunun səbəbini izah edir: "Biz "Qurium" Media Fondu ilə əməkdaşlıq edirik. Bu Fond təkcə Azərbaycanda yox, buna bənzər başqa avtoritar ölkələrdə də vebsaytların qanunsuz, siyasi mülahizələrlə qapadılmasının nəticələri ilə bağlı hesabatlar hazırlayır, müəyyən texniki yardımlar göstərir. Fondun əməkdaşları, məsələn, bizim saytla bağlı ciddi çalışırlar. Arabir keçid linki olmadan azadliq.info-ya girişin mümkünlüyü də həmin çalışmaların nəticəsidir. Mən bunun texniki baxımdan necə həll edildiyini, açığı, bilmirəm. Amma "Qurium"la daimi əlaqədəyik, onlar bu məsələlər barədə izahatlar verirlər".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adları çəkilən saytlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasını əsas gətirib, əlavə məlumat verməkdən imtina edir.

Xatırlatma

2017-ci il martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti əsasında belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bakı Apellyasiya Məhkəməsi də 2017-ci ilin dekabrında Səbail Rayon Məhkəməsinin çıxardığı qətnaməyə heç bir dəyişiklik etmədən qüvvədə saxlayıb.

Azadlıq Radiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG