Accessibility links

Seçki xəbərləri: Etiraz aksiyası və MSK-a “ölüb ey... və zorakılıq” iddialarına münasibət bildirib


Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 20-də keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin (lider namizəd İmamverdi İsmayılov) 11 məntəqəsində, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin (lider namizəd Musa Quliyev) 1 məntəqəsində, 57 saylı Kürdəmir seçki dairəsinin (lider namizəd Əminə Ağazadə) 5 məntəqəsində, 8 saylı Binəqədi Birinci seçki dairəsinin 1 məntəqəsində (lider namizəd Azay Quliyev), 107 saylı Qazax seçki dairəsinin 1 məntəqəsində (lider namizəd Səməd Seyidov) səsvermənin nəticələrini etibarsız sayıb.

107 saylı Qazax seçki dairəsinin məntəqəsi ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən və geniş müzakirələrə, həmçinin gülüşə yol açan “ölüb, ölüb deyirəm, qəbir daşı da var” ifadələri yer almış videodan söhbət gedir. Videoda seçici siyahısında olan şəxsin öldüyü iddia edilir. Bu zaman məntəqə seçki komissiyasının üzvü "o sizin üçün ölüb, bizim üçün ölməyib” deyir.

MSK üzvü Bəxşeyiş Əsgərov qurumun bugünkü iclasında videogörüntünün 107 saylı Qazax seçki dairəsində qeydə alındığını təsdiq edib.

“Həmin videoda öldüyü deyilən vətəndaş ölməyib. Sadəcə həmin şəxs bir neçə müddət bundan əvvəl rayondakı evindən övladını götürərək Bakıya köçüb. Videonu çəkən şəxs həmin qadının öldüyünü məcazi mənada deyib. Biz həmin görüntüləri araşdırıb və bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır,” MSK üzvü qeyd edib.

MSK həmçinin 72 saylı Yardımlı-Masallı seçki dairəsindən olan müraciəti araşdırıb və heç bir pozuntu aşkarlamayıb. Bu səbəbdən də DSK-nin qərarını qüvvədə saxlayıb.

MSK 99 saylı Şəmkir (lider namizəd Nurlan Həsənov), 27 saylı Sabunçu ikinci (lider namizəd Şahzadə Əliabbas) və 121 saylı Laçın (lider namizəd Mahir Abbaszadə) seçki dairələrindən daxil olan müraciətləri araşdırmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

MSK sədri Məzahir Pənahov bildirib ki, vətəndaşlar seçkilər zamanı qeydə alınan xoşagəlməz halları təqdim etməkdə maraqlı olmalıdır.

“Sosial şəbəkələrdə nə varsa, biz qərar qəbul edərkən nəzərə alacağıq. Bəzi namizədlər xoşagəlməz hallarla bağlı görüntüləri sosial şəbəkələrə qoymur. Bura gələndə həmin görüntüləri təqdim etmək istəyir. Əslində həmin görüntüləri əvvəlcədən sosial şəbəkələrdə yerləşdirsələr, biz buna baxacağıq. İclas zamanı hansısa görüntünü burada təqdim edənləri qəbul etməyəcəyik. İclas zamanı ancaq əlavə material kimi protokolları qəbul edəcəyik,” o qeyd edib.

MSK sədri həmçinin 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı seçki məntəqəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Pənahov deyib ki, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin.

“Bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalandıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Jalə Bayramova Lənkəran rayonunun Şürük kəndində 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olub.

Sosial şəbəkələrdə yayılan videoçarxlarda deyilir ki, Bayramovaya qarşı hücumu Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov təşkil edib. Zorakılığı isə nə seçici, nə komissiya üzvü və ya müşahidəçi statusu olmayan Azadə Kərimova səsvermə aparılan otaqda, məntəqə seçki komissiyasının üzvlərinin gözü qarşısında törədib. Bu hərəkətlər nəticəsində Bayramova fiziki xəsarət alıb.

Bu gün, fevralın 20-də yenidən bir qrup deputatlığa namizəd MSK-nin binası qarşısında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə etiraz aksiyası keçirib. Aksiyaya polis müdaxilə edib və iştirakçıların dağılmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG