Accessibility links

SMDTM: Prezidentliyə potensial namizədlərin iştirakı, müşahidəçilərin hazırlığı çətinləşib


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 11 aprel 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək seçkinin vaxtından 6 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını müəyyən edib.

SMDTM hesab edir ki, növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam tutarlı siyasi ehtiyaclar göstərilmədən və parlamentdə açıq ictimai müzakirələr aparılmadan verildiyindən seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən potensial prezidentliyə namizədlərin iştirakını, yerli və beynəlxalq müşahidəçilərin hazırlığını çətinləşdirib. Eyni zamanda növbədənkənar prezident seçkisinin təyin edilməsi səlahiyyətinin bu məsələdə maraqlı subyektə, yəni prezidentə hər hansı məhdudiyyətlər olmadan verilməsi demokratik idarəçilik qaydalarına uyğun deyil. Prezident nəzəri olaraq özünə sərfəli vaxtda (məsələn, reytinqlərinin yüksək olduğu və ya reytinqinin gələcəkdə aşağı düşəcəyi halda) növbədənkənar seçkilər təyin edə və bununla da səlahiyyət müddətini artıra bilər. Bununla da maraqlı subyekt olan prezidentə özünün siyasi karyerası ilə bağlı haqsız və ədalətsiz üstünlük əldə edəcəyi səlahiyyətin verilməsi demokratik cəmiyyətin tələbləri baxımından legitim deyil.

SMDTM təəssüflə bildirir ki, hazırda arasında jurnalist, bloqer və siyasi partiya fəallarının olduğu 140 nəfərdən artıq siyasi məhbusun həbsi, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən 2017-ci ilin martından müstəqil TV və qəzetlərin veb səhifələrinin bloklanması və sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şəraitin təmin olunmadığını göstərir. Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq-müdafiə təşkilatlarına qarşı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonra başlayan siyasi təzyiqlərin aradan qalxmaması hazırda vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib.

SMDTM əvvəlki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri, Avropa Şurası Venesiya Komissiyasının rəyləri və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə əsaslanaraq hesab edir ki, növbədənkənar prezident seçkisi ərəfəsində Azərbaycan xalqının azad iradəsinin ifadə edilməsi, ölkədə rəqabətli siyasi mühitin yaradılması, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına fəaliyyət imkanlarının yaradılması yönündə heç bir islahat aparılmayıb.

2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsi ölkədə azad və ədalətli qaydada seçkilərin keçirilməsinə imkan vermir və bu qanuna təkmilləşdirici dəyişikliklər edilmədən növbədənkənar prezident seçkisinin keçirilməsi seçki prosesinə inamı azaldır. Bu baxımdan yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri, o cümlədən seçki komissiyalarının siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması, seçki şikayətlərinin obyektiv araşdırılması, namizədlərin qeydiyyatı və seçkiqabağı təşviqat kampaniyası ilə bağlı təkliflər nəzərə alınmayıb. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı çoxsaylı qərarlarına baxmayaraq, ötən 15 ildə Mərkəzi Seçki Komissiyası və digər seçki komissiyalarının əsas tərkibinin dəyişməməsi seçki prosesinə etimadı sarsıdan mühüm faktorlardan biridir.

SMDTM növbədənkənar prezident seçkisinin təşkili ilə bağlı aşağıdakı tövsiyələri irəli sürür:

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin və siyasi partiyalara öz toplantı və yığıncaqlarını, habelə etiraz aksiyalarını keçirmək hüquqları tanınsın;

Yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini tənzimləyən qanunlara son 3 ildə edilmiş mürtəce dəyişikliklər ləğv edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun;

Mərkəzi Seçki Komisisyasının namizədlərin imza vərəqələrinin verilməsi və imzaların yoxlanılması, seçici siyahılarının hazırlanması və seçki məntəqələri dislokasiyalarının tərtib olunması, seçki şikayətlərinin araşdırılması, dairə seçki komissiyası üzvlərinin hazırlanması ilə bağlı fəaliyyətinin aşkarlıq və ictimai nəzarət şəraitində keçrilməsi təmin edilsin;

Xarici radioların ölkədə fəaliyyətinin bərpası, müstəqil və müxalif veb portalların bloklanması aradan qaldırılsın;

Növbədənkənar prezident seçkisi ilə bağlı seçicilərin geniş və ətraflı məlumatlar əldə etməsi, habelə seçki prosesinə iştirak etməyən siyasi qüvvələrin tələbləri ilə tanış olması dövlət televizyalarında efir vaxtının ayrılması imkanları yaradılsın.

SMDTM 2001-2013-cü illərdə Azərbaycanda keçirilən bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar zamanı müxtəlif proqramlar həyata keçirərək vətəndaşların seçki hüquqlarının müdafiəsi, seçki prosesinin müşahidəsi və seçki prosesi barədə ictimai məlumatlandırmanın təşkili yönündə çalışıb.

Öz növbəsində, rəsmi Bakı ölkədə demokratik seçkilər keçirilməsi üçün tam şəraitin olduğunu bildirir. Yüksək hökumət rəsmiləri beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli və birtərəfli adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG