Azərbaycanda növbədənkənar prezident seçkilərində Bakı vaxtı ilə saat 12-yə olan məlumata görə, 2 milyon 93 min 343 nəfər səs verib. Bu, seçicilərin 39.39 faizi deməkdir. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Bununla yanaşı, seçkiləri boykot edən müxalif Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, MSK-nin məlumatı həqiqəti əks etdirmir.
”Əhalinin böyük hissəsi seçkilərdə iştirak etmir. İnsanlar seçkiyə inanmır və səsəvermədə iştirak etmir. Hökumət nümayəndələri iş günü olmamasına baxmayaraq büdcə təşkilatının işçilərini işə çağırıb və səsvermədə iştiraka sövq edib. Buna baxmayaraq seçici passivliyi müşahidə edirik və əhali seçkini boykot edir,” Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Amerikanın Səsinə deyib.
Amerikanın Səsinin Bakının mərkəzi küçələrində keçirdiyi qısa müsahibələrdə seçicilər namizədlərdən yalnız hazırki prezident İlham Əliyevi tanıdığını bildirib.