Accessibility links

“Bərabər imkanlar!” və “Məişət zorakılığına yox!” - Ukrayna, Rusiya, Qırğızıstan və Azərbaycanda "8 Mart" aksiyaları


Müxtəlif ölkələrdə Beynəlxalq Qadınlar Günü yürüşlərlə müşayiət edildi. Həmin yürüşlərin hər iki cinsdən olan iştirakçıları bərabər haqlar tələb edir, gender zəminində ayrıseçkiliyə son qoyulması çağışları səsləndirdilər.

Ukrayna

Paytaxt Kiyevin mərkəzi Mixaylov meydanında həm qadın haqları, həm də ənənəvi ailə dəyərləri uğrunda aksiyalar keçirildi. Polis kordonunun hər iki tərəfində eyni zamanda həm gender bərabərliyi, həm də “ənənəvilik” fəalları mitinq keçirirdi.

“Qadınlar marşı” iştirakçıları “Zorakılığa, qısnamaya, fahişəliyə və zorlamalara yox!” “Bədən mənim – qərar mənim” və “Mən trans-qadın-feministən. Bəs siz nəyə nail olmusunuz?” şüarları səsləndirirdilər.

Aksiyanın təşkilatçıları bildirir ki, iştirakçıları ortaq məqsəd birləşdirirdi - qadınların səsinin və cəmiyyətdə iştirakının gücləndirilməsi.

“Biz ultrasağ, məişət, cinsi, iqtisadi və psixoloji zorakılığa qarşı çıxış edirik. Biz patriarxal quruluşun təzyiqlərinə qarşı çıxış edirik” - aksiyanın vebsəhifəsinə qeyd edilir.

Aksiya iştirakçıları bildirdilər ki, harada işləyəcəklərini, necə görünəcəklərini, nə geyinəcəklərini, doğub-doğmayacaqlarını, evlənib-evlənməyəcəklərini, özlərini necə aparacaqlarını özləri müstəqil şəkildə qərar verəcəklər.

“Qadınlar marşı”-nda iştirak edən kişilər qadınların zorakılığa qarşı müdafiə edilməsini, onlara kişilərlə bərabər imkanların verilməsini və gender stereotiplərinin dağıdılması çağırışları etdilər.

Əlavə olaraq, nümayişçilər “mətbəx qulluqçuluğu” və abortların qadağan edilməsinə qarşı şüarlar səsləndirdilər.

Azadlıq Radiosunun Ukrayna xidmətinin bildirdiyinə görə, qarşı tərəfdə mitinq edən ənənəvilik fəalları əllərində “Tanrı! Vətən! Patriarxat!” “Feminizm Ukrayna ailələrini dağıdır” və “Müasir feminizm tanrı tərəfindən verilən qadın obrazını təhrif edir” şüarları, o cümlədən “Ənənə və nizam” hərəkatının bayraqları və simvolikasını tuturdular.

Rusiya

Sankt-Peterburq şəhərində rəsmilərlə razılaşdırılmış mitinq Lenin meydanında keçirilib. Aksiyada təxminən 200 adam iştirak edib. İştirakçıların hazırladığı plakatlarda gender bərabərsizliyi və ayrıseçkilik haqda şüarlar var idi. Məişət zorakılığı əsas səsləndirilən mövzulardan biri idi.

İştirakçıların tələblərindən biri məişət zorakılığı ilk dəfə baş verən zaman cəzalandırılmalı olması idi. Onlar eyni zamanda Rusiyada LGBT qadınların haqlarının pozulmasını vurğulayırdılar.

Qırğızıstan

Paytaxt Bişkekdə “Qadınların həmrəylik şəhərciyi” adlı yürüş keçirildi. Qadınların, uşaqların və LGBT icmasına dəstək olaraq keçirilən bu aksiya 10-dan çox yerli və beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmişdi.

Aksiyada 250-dən çox insan iştirak etdi.

Nümayişçilər “Vurur - deməli həbs olunacaq” “Bədən mənim - qərar mənim” “Corablarını özün yu” “Qızılgüllərinin kifayət deyil” “Uşaq doğmaq istəmirəm” və “Sizə daha neçə Burulay lazımdır?” [19 yaşlı Burulay Turdaliyeva 30 yaşlı kişi tərəfindən evlənmək üçün oğurlanmışdı. Polis kişini saxlayanda, o qızı idarədə bıcaqlayaraq, öldürüb] şüarları səsləndirdilər.

Aksiyadan bir gün öncə millətçi “Kırk Çoro” hərəkatı tədbirin qarşısını alacağını bildirmişdi. Onların fikrincə, bu aksiya “qeyri-ənənəvidir.” Buna baxmayaraq, aksiya toqquşmalarsız baş tutdu.

Azərbaycan

Bakıda isə polis fəallara məişət zorakılığına qarşı aksiya keçirməyə imkan verməyib.

Təşkilatçılar “Azad qadın” heykəlinin önündə toplaşaraq, “Natavan” heykəlinə qədər yürüş keçirməyi planlaşdırırdılar. Lakin hələ aksiyadan öncə polis qadınların toplanış nöqtəsinə gələrək, aksiyaya gələn iştirakçıların plakatlarını cırmağa başladı. Polis iştirakçıları öncə yola tərəf, daha sonra isə metro stansiyasına itələdi. Nəticədə iştirakçılar dağılışmalı oldular.

Polis öz addımlarını yürüşün razılaşdırılmış olmaması ilə izah edir. Fəallar isə bildirirlər ki, bayram aksiyalarının razılaşdırılmasına ehtiyac yoxdur.

Feminist qadınlardan ibarət təşəbbüs qrupu bildirir ki, hər il Azərbaycanda məişət zorakılığı nəticəsində 100-ə yaxın qadın ölür.

XS
SM
MD
LG