ABŞ Senatı çərşənbə günü erkən saatlarda ailə xidmətləri, səhiyyə və ətraf mühit proqramlarına xərcləmə çərçivəsini təmin edəcək 3.5 trilyon dollarlıq büdcə ilə bağlı qətnamə qəbul edib.
Prezident Co Baydenin bir çox prioritetlərini əks etdirən paket 50-nin 49-a səslə onun Demokratik Partiyasından olan senatorlar tərəfindən dəstəklənib.
Senatda əksəriyyətin lideri Çak Şumer büdcənin "Amerikada iş yerlərinə, amerikalı ailələrə və iqlim dəyişikliyi ilə mübarizəyə tarixi investisiyalar qoyulmasında" istifadə ediləcəyini deyib.
"Bu, adi amerikalılar üçün iqtisadiyyatımızın necə işlədiyinə dair bizi nəsil trasformasiyası yoluna qoyur" - deyə, Şumer çərşənbə günü Twitter səhifəsində yazıb.
Senatda azlıq lideri Mitç Makkonnel səsvermə ərəfəsində etdiyi çıxışında azlıqdakı Respublikaçıların Demokrat çoxluğunu dayandırmaq üçün səslərinin kifayət etmədiyini deyib, lakin qanunvericiliyi "tamamilə gözlənilməz" adlandırıb.
"İnsanlar bunun adi bir iş olduğunu düşünmək istəyir. Sadəcə liberallar Senat prosedurundan istifadə edərək, liberal işlər görür. Səhv etməyin. Bu, ehtiyatsız vergi və xərcləmə axını indiyədək gördüklərimizin heç birinə bənzəmir" - deyə, Makkonnel bildirib.
Qanunvericilik məktəbəqədər təhsil, kolleclərdə pulsuz təhsil, yaşlı amerikalılar üçün genişləndirilmiş səhiyyə və uşaqlara baxım proqramlarının təmin edilməsi, iqlim dəyişikliyinin təsirləri ilə mübarizənin maliyyələşdirilməsi, immiqrasiya qanunvericiliyində dəyişikliklər edilməsini və reseptli dərman qiymətlərinin aşağı salınmasını nəzərdə tutur.
Demokratlar korporasiyalar və gəlirləri ildə 400.000 dollardan çox olan şəxslərin vergilərini artırmaqla bu proqramı maliyyələşdirməyi planlaşdırır. Bununla hökumətin dərman vasitələrinin qiyməti, idxal olunan karbon yanacaqları vergisi və Vergi Agentliyi tərəfindən vergi yığımını gücləndirmək məqsədilə müzakirələri davam etdirməsinə imkan veriləcək.