Bazar ertəsi New York Times qəzetinin verdiyi məlumata görə, ABŞ Senatının Kəşfiyyat Komitəsi Trampın əməkdaşları ilə Rusiya rəsmiləri arasında əlaqələrinə dair istintaqın bir hissəsi olaraq prezident Donald Trampın kürəkəni Cared Kuşneri sorğu-sual edəcək.
Qəzet adı açıqlanmayan Tramp aministrasiyası və konqres rəsmilərinə istinadən bildirib ki, komitə üzvləri Kuşnerə dekabr ayında Tramp Qülləsində Rusiya səfiri Sergey Kislyak eləcə də Rusiyanın dövlət inkişaf bankının başçısı ilə təşkil olunan görüşlər barədə sual verməyi planlaşdırırlar.
Vneşekonom bank 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Obama administrasiyasının sanksiya tətbiq etdiyi banklardan biridir. Prezident seçilən, lakin daha vəzifəsinin icrasına başlamayan Trampın komanda üzvləri mütəmadi olaraq ruslar və digər xarici rəsmilərlə görüşüb. Trampın sözçüsü Hop Hiks New York Times qəzetinə Kuşnerin xarici ölkələrin onlarla rəsmiləri ilə görüşdüyünü deyib.
ABŞ-ın kəşfiyyat icması Moskvanın seçki kampaniyası zamanı Demokrat partiyasının məlumat bazasına qarşı xaker hücumunu təşkil etdiyini və Trampın xeyrinə məlumatları oğurladığına dair nəticə çıxarıb.
Rusiya ittihamları rədd edir.
Rusiyanın səsverməyə təsir göstərmək cəhdlərini eləcə də Trampın yaxın dairəsi ilə Moskva arasında mümkün əlaqələri azı dörd konres komitəsi təhqiq edir. Ötən həftə FBI-ın direktoru Ceyms Komi təhqiqatın aparıldığını təsdiq edib.
Hiks deyib ki, Kuşner Senat panelinin qarşısında çıxış etmək istəyir.
Kuşner dekabr ayının əvvəlində Kislyakla görüşü təşkil edib. Görüşdə həmçinin Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin də iştirak edib.
Times daha sonra Kislyakın Kuşnerlə daha bir görüş tələb etdiyini bildirir. Bu görüşdə Kuşnerin müavini iştirak edib. Bu görüşdə Rusiya səfiri Kuşnerin Vneşekonombankın rəhbəri Sergey Qorkovla görüşməsini istəyib.