ABŞ senatoru Berni Sanders 2020-ci il prezident seçkilərində Demokrat partiyasından nominasiya almaq üçün namizəd olacağını açıqlayıb. Sanders 2016-cı ildə Demokrat Partiyanın namizədliyini qazanmağa çalışsa da keçmiş dövlət katibi Hillari Klintona məğlub olmuşdu.
Fevralın 19-u səhər saatlarında namizədliyini açıqlayan 77 yaşlı Sanders tərəfdarlarına hökümət və siyasətə hegemonluq edən xüsusi maraqlara qarşı mübarizə aparmaq üçün genişmiqyaylı hərəkat quracağına vəd verib.
Vermont senatoru 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürərkən onun şanslarının çox az olduğu gözlənilsə də, namizədlik yarışının sonunda 23 ştatda qalib gələrək Demokrat partiyasını sola meylləndirmişdi.
Müstəqil üzv kimi ABŞ Senatında vəzifəsini yerinə yetirən Sanders 2020-ci il peaymerilərin başlamasına bir il qalmış prezidentliyə namizədliyini irəli sürmüş digər demokratların sırasına qoşulub.
Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürmüş digər siyasətçilərə senator Elizabet Varren, Kori Buker, Emi Klobuşar, Kristen Qillibrand və Kamala Harris daxildir.