Accessibility links

Senator Dayan Faynşteyn Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb


ABŞ-ın nüfuzlu senatorlarından biri olan Dayan Faynşteyn Azərbaycan və Ermənistan arasında oktyabrın 10-da atəşkəs haqda razılığın əldə edilməsinə baxmayaraq, hərbi toqquşmaların davam etməsi ilə bağlı narahatlığını bildirib. Kaliforniya senatorunun ofisinin açıqladığı bəyanatda Dayan Faynşteyn tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

“Mən bölgədəki fəlakətli nəticələrin qarşısını almaq üçün bütün tərəfləri atəşkəsə riayət etməyə və Tramp administrasiyasını hər iki tərəfi yenidən müzakirələr masasına qaytarmağa və atəşkəsi bərpa etməyə çağırıram”, bəyanatda bildirilir.

Senator Faynşteyn həmçinin Birləşmiş Ştatlarda, xüsusilə də onun təmsil etdiyi Kaliforniya ştatında ermənilər və azərbaycanlılara qarşı zorakılıq və təhdidləri qınadığını bildirib. O, “son həftələrdə 4000-dən çox seçicinin ölkə daxilində və xaricdə zorakılıqlarla bağlı onun ofisinə müraciət etdiyini” qeyd edib.

“Ümid edirəm ki, Kaliforniya liderləri, xüsusilə də erməni və Azərbaycan diasporu icmaları zorakılıq deyil, dialoqu təşviq etmək və öz səslərini bölgədəki davamlı sülh çağırışına əlavə etmək üçün bir araya gələcəklər”, senator Dayan Faynşteynin bəyanatında deyilir.

Münaqişənin davam etdiyi vaxt Kaliforniya ştatında erməni icmasının üzvləri Los Ancelesdə Ermənistana dəstək nümayişi keçirib.

Azərbaycan icmasının üzvləri oktyabrın 14-də paytaxt Vaşinqtonda nümayiş keçirir.

ABŞ prezident seçkilərində Demokrat namizəd Co Bayden Azərbaycan və Ermənistan qüvvələri arasında 10 oktyabr atəşkəs razılaşmasının pozulmasından narahatlığını ifadə edib. Sabiq vitse-prezident Tramp administrasiyasını eskalasiya dönəmində “passivlik” göstərməkdə ittiham edib.

ABŞ Dövlət Katibi Maykl Pompeo çərşənbə günü verdiyi bəyanatda tərəfləri atəşkəsə çağıraraq mülki obyektlərin hədəf alınmasını dayandırmağa çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəsə müvafiq öhdəliklərini yerinə yetirməyə və Gəncə və Stepanaket kimi mülki əhali yaşayan zonaları hədəf almağı dayandırmağa çağırır. Biz insan həyatı itkilərini qınayırıq və dinc həll yoluna sadiq qalırıq,” Pompeo bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG