Accessibility links

Bloq: Senator Dayan Faynşteyn:”Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”


ABŞ-ın nüfuzlu senatoru diaspor üzvlərinin məktub kampaniyasına cavab verib

ABŞ Senatının nüfuzlu üzvü, Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Amerikada Azərbaycan diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dəstəklə bağlı məktub kampaniyasına cavab verib.

Senator Faynşteyn öz məktubunda məsələni onun diqqətinə çatdırdıqlarına görə icma üzvlərinə təşəkkürünü bildirib və öz fikrini bölüşmək imkanına malik olmasından məmnunluğunu ifadə edib.

Senator Faynşteyn Azərbaycan və Birləşmiş Ştatlar arasında uzun tarixə malik dostluq və tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verdiyini bildirib və ikitərəfli münasibətlərin gücləndirilməsinə dəstək verdiyni deyib.

Məktubunda Kaliforniya senatoru ABŞ prezidenti Barak Obamanın bütün Avro-Atlantik məkanda təhlükəsizliyin təmin edilməsinə beynəlxalq yardım səylərinə verdiyi töhfələrə görə Azərbaycana təşəkkür etdiyini qeyd edib. “Prezident habelə ABŞ-ın Azərbaycanın hökuməti və xalqı ilə işləmək üçün daha geniş imkanların inkişaf etdirilməsi prinsipinə sadiq qaldığını ifadə edib”-deyə məktubda bildirilir.

Senator Faynşteyn ABŞ Dövlət katibi Hillari Klintonun prezident Obama və Amerika xalqı adından 2012-ci ildə mayın 28-də Azərbaycanın Respublika günü münasibətilə Azərbaycan xalqına göndərdiyi təbriki xüsusi qeyd edib.

Məktubun sonunda senator Faynşteyn Azərbaycan icmasının üzvlərini birgə dəyərlər və ənənələrin durmadan təşviq edilməsinə dəstək verəcəyinə əmin edib və Senatda Azərbaycanın zəngin tarixi və ikitərəfli münasibətlərin əhəmiyyətinin tanınmasını nəzərdə tutan qanunvericiliyin müzakirəsi imkanı yarandıqda onların fikirlərini çatdıracağına söz verib.

Senator Dayan Faynşteynə məktub kampaniyası ABŞ-da fəaliyyət göstərən USAN və Pax Turcica təşkilatları tərəfindən təşkil edilmişdir.

Kaliforniya senatoru Dayan Faynşteyn ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri kimi tanınır. O, Senatın Kəşfiyyat komitəsinin sədridir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG