ABŞ senatoru Elizabet Uorren prezidentliyə namizədliyini irəli sürmək üçün kampaniyaya başlamaq istiqamətində çoxlarının gözlədiyi kimi ilk addım ataraq, populist mübariz siyasətçi kimi Demokrat patiyasının sıralarında özünə yer tapa biləcəyinə ümid bəsləyir. 2020-ci il ABŞ prezident seçkilərində Demokrat partiyasında 20-yə yaxın namizədin olacağı gözlənilir.
“Fərqlərimizdən asılı olmayaraq, çoxumuz bir şey istəyirik”, Massaçusets ştatından 69 yaşlı demokrat senator video müraciətində bildirib. “Gərgin işləmək, eyni qaydalar əsasında oynamaq və sevdiyimiz insanların qayğısına qalmaq. Mən bunun üçün mübarizə aparıram və buna görə də mən bu gün prezidentliyə namizədlik üçün araşdırıcı komitə yaradıram” – deyə, Elizabet Uorren sözünə davam edib.
Uorren ölkə miqyasında siyasi səhnəyə on il bundan əvvəl maliyyə böhranı zamanı istehlakçıların daha geniş müdafiəsi çağırışları ilə gəlmişdi. O, Obama administrasiyasının rəsmiləri ilə bazarda vəziyyətə cavabla bağlı mübahisələrinə baxmayaraq, tez zamanda partiyanın nüfuzlu liberal siyasətçilərindən birinə çevrilmişdi.
İndi isə Uorren artıq prezidentliyə namizədliyini irəli sürmək istəyən siyasətçi kimi partiyanın elektoratına müraciət edir. Onun video mesajında ölkənin qarşılaşdığı iqtisadi çətinliklər qeyd edilərkən qadınların marşı və Elizabet Uorrenin LGBT icmasının tədbirində iştirakını göstərən görüntülər nümayiş etdirilib.
Tərəfdarlarına göndərdiyi email mesajında Elizabet Uorren rəsmi olaraq kampaniya planlarını 2019-cu ilin əvvəlində elan edəcəyini bildirib.
Elizabet Uorren hələlik Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürülməsi planlarını elan edən ilk nüfuzlu siyasətçidir.