Accessibility links

Senator Sanders prezidentlik kampaniyasını dayandırdı


Senator Berni Sanders 2020-ci il ABŞ prezident seçkilərində Demokrat Partiyasından namizədlik uğrunda mübarizəyə son qoydu. Vermont senatorunun kampaniya qərargahının verdiyi məlumata görə, Sanders bunu köməkçiləri ilə keçirdiyi telekonfrans zamanı bildirib.

Berni Sandersin prezidentlik kampaniyasını dayandırdığını bu gün tərəfdarlarına müraciəti zamanı bildirəcəyi haqda məlumat verilib.

Sandersin prezidentlik yarışlarından çıxması keçmiş vitse-prezient Co Baydenin noyabr ayında prezident Donald Trampa qarşı mübarizədə Demokrat Partiyasının rəsmi namizədliyinə yol açır.

78 yaşlı senator 2016-cı ildə prezident seçki yarışlarındakı uğuruna yenidən nail ola biləcəyi ilə bağlı ümidləri doğrulda bilmiş və oktyabr ayında infarkt keçirməsinə baxmayaraq, seçki kampaniyasını uğurla davam etdirmişdi. Lakin Sanders onun demokrat sosialist ideologiyasının ümumi seçkilərdə seçiciləri cəlb edə bilib-bilməməsi ilə bağlı suallara görə proqressiv tərəfdarlarının sarsılmaz dəstəyini nominasiya üçün daha geniş dəstəyə çevirməyə nail ola bilmədi.

O, fevral ayında keçirilən ilkin seçkilərdə böyük dəstək qazana bilsə də, sonrakı praymerilərdə daha mötədil seçicilərin geniş kütləsinin dəstəyini ala bilmiş Co Baydendən geridə qalırdı.

Sanders Ağ Evə uğrunda yarışlara başlayarkən dörd il əvvəl onu isteblişmentin seçimi hesab edilən Hillari Klintona alternativ kimi görən tərəfdarlarının dəstəyini yenidən ala bilib-bilməyəcəyi kimi suallarla qarşlaşmışdı. 2016-cı ildə 22 ştatda qələbə qazanmasına baxmayaraq, onun yarışlarda ən yaşlı namizəd kimi əsas namizəd ola biləcəyinə qarantiya yox idi.

O, 2020-ci il prezidentlik yarışlarına Trampa qarşı ən yaxşı Demokrat namizəd olduğu iddiası ilə başlamışdı. Sanders fəhlə sinfinin nümayəndələrinin dəstəyinin Trampın Miçiqan, Viskonsin və Pensilvaniya da daxil olmaqla, 2016-cı ildə qələbə çaldığı ştatlarda onun qələbəsinə kömək edə biləcəyini bildirirdi. Lakin seçki marafonu davam etdikcə senator aşağıdan yuxarı “siyasi inqilab”a dəstək verdiyini vurğulayaraq, 2016-cı ildəki platformasına qayıtdı.

ABŞ-da koronavirus epidemiyasının prezident seçki kampaniyasının da dondurulmasına gətirib çıxarması özünün geniş kütləvi mitinqləri ilə tanınan Sandersin bu kimi tədbirlər keçirməsinin qarşısını alıb. Bir sıra ştatlarda koronavirusa görə praymerilərin keçirilməsi təxirə salınıb.

XS
SM
MD
LG