Accessibility links

Türkiyədə Star neft emalı zavodunun açılışı olub


Star neft emalı zavodu
Star neft emalı zavodu

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edib.

Türkiyə mediasının məlumatına görə prezident Rəcəb Tayyib ƏrdoğanTürkiyə və Azərbaycanın güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaratdığını bildirib.

“Regional və qlobal əhəmiyyəti olan TANAP-ı icra olunan layihələrə əlavə etmişik, bu gün açılışını həyata keçirdiyimiz Star zavodu ilə daha bir addım atırıq. Dünyanın ticarət müharibələri və böhranları ilə sarsıldığı vaxtda bir-bir açılışını həyata keçirdiyimiz layihələrlə ölkələrimizin ortaq hədəflərə yaxınlaşdığını düşünürəm”, o qeyd edib.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin ən böyük xarici investoruna çevirilib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

“STAR neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. “Petkim” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaq. Burada həmçinin neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bu da daxili bazarda istehlak olunacaq və həm də ixrac üçün geniş imkanlar yaradacaq. "Petkim" və külək enerji stansiyası layihələri də Türkiyədəki fəaliyyətlərimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır”, o qeyd edib.

“Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edir.

“Star” layihəsinin dəyəri ümumilikdə 5,7 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən ödəniləcək.

XS
SM
MD
LG