Accessibility links

Sergey Lavrov: Üçtərəfli danışıqlar nəticəsində əldə edilmiş qərarların yerinə yetiriləcəyini gözləyirik


Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağda vəziyyətlə əlaqədar üçtərəfli danışıqlar nəticəsində qəbul edilmiş qərarların ciddi şəkildə yerinə yetiriləcəyini gözlədiyini bildirib.

Lavrov bu açıqlamaları oktyabrın 12-də Moskvada Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdən sonra jurnalistlər üçün keçirilən birgə brifinqdə verib.

Onun bildirdiyinə görə, münaqişə tərəfləri arasında danışıqlar prosesinin bərpasının təxirə salınması səhv olardı.

Lavrov həmçinin Rusiyanın nizamlanma prosesində "həm ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, həm də qonşularımızın çox yaxın müttəfiqi və strateji tərəfdaşı kimi" fəal iştirakını davam etdirəcəyini qeyd edib.

Rusiyanin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında oktyabrın 10-da saat 12-dən etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Oktyabrın 9-10-da Moskvada keçirilən görüşün nəticəsi olaraq Rusiya, Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

“Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaq. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edir”, bəyanatda deyilir.

Humanitar atəşkəs elan edildikdən sonra tərəflər atəşkəsə əməl edilmədiyini bəyan edib. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri Gəncə raket zərbəsinə məruz qalıb. Mülki tikililər dağılıb, 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Erməni rəsmiləri isə Xankəndi, Martuni və digər yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüş əməliyyatları bərpa olunub. Hər iki tərəfdən hərbiçilər və mülki insanlar arasında çoxsaylı itkilər var.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG