“Əlbəttə, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”. Bu barədə dekabrın 13-də Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
O deyib ki, Azərbaycan dövlət başçısının Ermənistanın baş naziri ilə birbaşa danışıqları olub.
“Mənim həmkarım və dostum Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq,” Rusiya xarici işlər naziri qeyd edib.
Onun dediyinə görə, Rusiya istəyir ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun.
“Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”, Lavrov bildirib.
Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq.Sergey Lavrov
Prezident Əliyev isə münaqişənın həllində Rusiyanın rolu barədə bir neçə cümlə deməklə kifayətlənib.
“Biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik,” Əliyev qeyd edib.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərdə daha çox iqtisadi və humanitar məslələri irəli çəkib.
“Səfəriniz bizim birgə işimizin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır. Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub”, Əliyev deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 13-14-də Bakıda səfərdə olacaq. O, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərində qarşılıqlı fəaliyyətin əsas aspektlərini, regional və beynəlxalq gündəmi müzakirə edəcək.
"Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurur. Ticarət-iqtisadi və regionlararası əməkdaşlıq fəal inkişaf edir. Humanitar sahə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsi olaraq qalır.
Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə fəal iş aparır.
Qarşıdakı görüşlər ölkələrimizin maraqları çərçivəsində Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafı xəttinin davamıdır", Rusiya Xarici İşlər Nazirliyi bildirir.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaratsa da, artıq iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar bərpa edilib.
Sentyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.
Bundan sonra, dekabrın 5-də Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşüb. Növbəti görüş yanvarın əvvəlinə razılaşdırlıb.
Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir.Hikmət Hacızadə
Dekabrın 7-də isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Müstəqil ekspertlər Rusiyanın münaqişənin həllində hər hansı irəliləyişdə maraqlı olmadığını düşünür.
“Çünki ATƏT-in Minsk Qrupunun həmsdər dövlətləri münaqişədə mövcud status-kvonun qəbuledilməz olması barədə dəfələrlə bəynat verib. Lakin cəbhədə status-kvo dəyişməz qalır”, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bir qədər öncə Amerikanın Səsinə müsahibəsində bildirib.
Bununla yanaşı, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə düşünür ki, Ermənistanın yeni rəhbəri Nokol Paşinyan sülhdə maraqlıdır.
“Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o hakimiyyətin başındadır və publika üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir. Bu yaxınlarda Donald Trampın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ona görə də onlar güzəştlərə hazırdırlar”, Hacızadə AzadlıqRadiosuna bildirib.