Accessibility links

Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli bəyanatın icra vəziyyətini müzakirə edib


Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan, Ernənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatın icra vəziyyətini müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazirlər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında həmin sənədin icrası ilə bağlı məsələləri müzakirə edib.

“Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.”

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə edib. Bu kontekstdə Ararat Mirzoyan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin qeyd-şərtsiz geri qaytarılmasının, həmçinin atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb.

Ermənistanın xarici işlər naziri noyabrın 8-də Şuşa yaxınlığında 1 erməni mülki şəxsin həlak olması, 3 nəfərin yaralanması ilə nəticələnən insidenti pisləyib.

Mirzoyan vurğulayıb ki, Azərbaycan rəhbərliyi tərəfindən səsləndirilən anti-erməni ritorika, atəşkəs rejiminin pozulmasının davam etməsi regional sabitlik və təhlükəsizliyə ciddi təhlükə yaradır.

Bundan öncə Rusiya tərəfi yaxın günlərdə Azərbaycan, Ermənistan və Rusiya liderlətinin növbəti görüşünün olacağını bildirib. Müşahidəçilərin fikrincə, üç ölkənin liderlərinin görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılması barədə sənədlərin imzalanması nəzərdə tutulur.

Noyabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

“Tərəflər üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər,” Azərbaycan Xarici İşlər Nazirliynin məlumatında deyilir.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 1-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə edib.

“Telefon danışığı zamanı humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib,” məlumatda qeyd edilir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

“Bu görüşdə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və bu çərçivədə görülən işlərin gedişatı müzakirə edilib,” Rusiya hökumətinin məlumatında qeyd edilir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG