Accessibility links

Sərgidə 289 şirkət iştirak edir

Mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub.

Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var.

Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər.

Sərginin aşılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var.

“Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”, Əliyev qeyd edib.

Onun dediyinə görə, “Şahdəniz” layihəsinin ikinci mərhələsi uğurla həyata keçirilir.

“Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. “Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir”.

Dövlət başçısı hesab edir ki, Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək.

“Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq Ümid, Babək layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır”.

Prezident bildirib ki, yaxın gələcəkdə Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır.

"Hazırda xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik. Bu yataqlarda böyük miqdarda ehtiyat qalmaqdadır”, o qeyd edib.

XS
SM
MD
LG