Accessibility links

Azərbaycanın İranla səhədində silahlı insident olub


İranla sərhəd
İranla sərhəd

Azərbaycan sərhədini pozan İran vətəndaşları silahlı müqavimət göstərib. Sərhəd pozucularından biri yaralanıb.

Oktyabrın 27-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Cəlilabad rayonu ərazisində İrandan Azərbaycanın sərhədini silahlı şəxslərin pozmasının qarşısını alıb.

DSX-nin mətbuat xidmətini bildirir ki, Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında saat 01:30 radələrində silahlı şəxslərdən ibarət qrup İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edib. Sərhəd pozucularının qarşısı alınarkən onlar odlu silahdan atəş açıb.

Azərbaycan sərhədçilərinin cavab atəşi nəticəsində sərhəd pozucularından bir nəfəri yaralanıb, digər sərhəd pozucuları geriyə - İran ərazisinə qaçıb. Hadisə yerində saxlanılmış İran vətəndaşı Əli Qurbanvəndə ilkin tibbi yardım göstərilərək Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, Bakıdan göndərilmiş yüksək ixtisaslı həkimlər tərəfindən üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda sərhəd pozucusunun vəziyyəti kafidir.

Araşdırma zamanı İran ərazisinə qaçmış sərhəd pozucularından birinin şəxsiyyəti müəyyən olunub. Azərbaycan ərazisinə keçmiş silahlı dəstənin digər üzvlərinin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan və İran sərhəd nümayəndələrinin köməkçiləri səviyyəsində işçi və hadisə yerinə birgə baxış keçirilib, ərazidə aşkar olunmuş dəlillər, silah və istifadə olunmuş sursatlar qarşı tərəfin nəzərinə çatdırılıb.

Görüşdə dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan, o cümlədən odlu silahdan istifadə etməklə sərhədi pozan şəxslər barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, müvafiq tədbirlərin görülmədiyi bir daha İran rəsmisinin diqqətinə çatdırılıb.

Dövlət Sərhəd Xidməti cinayətkar dəstənin digər üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
XS
SM
MD
LG