Accessibility links

Sərhədsiz Reportyorlar: Rejimin seçkiqabağı taktikalarından dəhşətə gəlmişik


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Eynulla Fətullayevin son əməlləri Azərbaycanda anti-Avropa əhval-ruhiyyəsi yaratmağa yönəlib

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Eynulla Fətullayevin Avropada demokratik dəyərlərin azalması haqqında “Decline of the Europe” məruzəsini və guya bu təşkilatın məruzəni dəstəkləməsi haqqında iddialarını tənqid edib.

Bəyanatda deyilir: “Sərhədsiz Reportyorlar” Azərbaycanda prezident seçkiləri ərəfəsində öz tənqidçilərini boğan hakim rejimin amansız tədbirlərindən sarsılıb və ölkədə anti-Avropa əhval-ruhiyyəsi yaratmaq və müxalifəti zəiflətməklə bağlı şübhəli cəhdlərdən uzaq durur. Buna guya “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı tərəfindən dəstəklənmiş “Decline of the Europe” “araşdırması” da nümunə ola bilər”.

“Biz məruzədə iddia edilməsinə baxmayaraq, heç bir şəkildə bu araşdırmaya cəlb olunmamışıq və Almaniyada və Azərbaycanda insan hüquqlarının pozulması hallarının müqayisəsini qeyri-adekvat hesab edirik”, deyə Berlində “Sərhədsiz Reportyorlar”ın Almaniya şöbəsinin icraçı direktoru Kristian Mihr bildirib.

Sözügedən “araşdırmanın” müəllifi Eynulla Fətullayev – beynəlxalq aləmdə rejimin tənqidçisi kimi tanınan jurnalistdir. İki müxalifət qəzetinin redaktoru olaraq o, 2011-ci ilin may ayında prezident İlham Əliyev onu əfv edənə qədər dörd il həbsdə keçirib. Azad edildikdən sonra Fətullayev siyasi məhbuslar mövzusu da daxil olmaqla, hesabatlar dərc edir. Lakin bu hesabatlar açıq-aşkar hökumətyönlü xarakter daşıyır, deyə bəyanatda bildirilir.

Fətullayev öz “araşdırmasını” 2013-cü ilin yanvar ayında Brüsseldə təqdim edib. Bu zaman “Sərhədsiz Reportyorlar”dan, Amnesty İnternational-dan sitat gətirib ki, bu təşkilatlar bütün bunlardan uzaqdırlar.

Bir neçə gün sonra Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbusları azad etməyə çağıran qətnaməni qəbul etməyib, amma ölkədə insan hüquqları sahəsində vəziyyət haqqında qətnamə qəbul edilib.

Almaniyalı məruzəçi Kristof Ştrasser bunu Azərbaycan tərəfin kütləvi lobbiçiliyi ilə izah edir. Avropa sabitlik təşəbbüsü artıq 2012-ci ilin mayında dərc edilmiş “Kürü diplomatiyası” məruzəsində bu lobbiçilik növünü təsvir edib.

“Biz rejimin keçmiş tənqidçilərinin indi təsir altında olmasından dəhşətə gəlmişik”, deyə Kristian Mihr qeyd edib.

Prezident seçkilərinə 7 ay qalmış tənqidi əhval-ruhiyyəli jurnalistlər və KİV Azərbaycanda böyük təzyiqə məruz qalır. Martın 12-də Bakıda məhkəmə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

“Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədov və digər jurnalistlər barəsində cinayət işləri davam edir.

Ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq” diffamasiya haqqında işlər üzrə böyük məhkəmə cərimələri ilə əlaqədar iflas həddinə çatıb. Belə ki, fevralda Bakıda məhkəmə 62,000 avro ölçüsündə cəriməni qüvvədə saxlayıb.

Ən azından yanvarın 26-da 9 jurnalist, o cümlədən Xədicə İsmayılova və bloger Emin Milli Bakıda icazəsiz mitinqdə iştiraka görə saxlanılıb.

Hakimiyyət icazəsiz aksiyalarda iştiraka görə cəzanı sərtləşdirib. Martın 11-də prezident İlham Əliyev qanuna birləşmək azadlığını məhdudlaşdıran və vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini çətinləşdirən dəyişiklikləri təsdiq edib.

“Sərhədsiz reportyorlar” Azərbaycan prezidentini dünyada ən pis “mətbuat azadlığı yırtıcılarından” biri hesab edir. Bu ölkə Mətbuat Azadlığı İndeksinə görə 179 dünya ölkəsi arasında 156-cı yeri tutur.
XS
SM
MD
LG