Accessibility links

Seul Kim Conq Unun ağır durumda olduğu haqda məlumatları inkar edir


Şimali Koreya lideri Kim Conq Un

Cənubi Koreya hökuməti Şimali Koreya lideri Kim Con Unun ürək əməliyyatından sonra ciddi durumda olduğu haqda məlumatları sual altına alır.

"Bizdə onun sağlamlıqlığı ilə bağlı sübut edə biləcək bir şey yoxdur" deyə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi Amerikanın Səsinə açıqlama verib.

Cənubi Koreya prezidentinin mətbuat katibi daha əvvəl Seulun Şimali Koreyada heç bir qeyri-adi bir fəaliyyət aşkar etmədiyini və keçən həftə əsas ictimai şənlikdə iştirak etməyən Kim Conq Un haqqında məlumatları təsdiqləyəcək heç bir dəlilə malik olmadığını açıqlayıb.

Cənubi Koreyada yayımlanan və Şimali Koreyada kontaktları olan Daily NK onlayn nəşri çərşənbə axşamı ürək əməliyyatında sonra Kimin vəziyyətinin sabit olduğu haqda məlumat verib.

Məlumatda Kimin "piylənmə, siqaret vərdişləri və həddindən artıq işləmək" də daxil olmaqla bir sıra amillərə görə əməliyyat olunduğunu fərz edən adları açıqlanmayan "mənbələr"ə istinad edilib.

Daha sonra CNN tele kanalı Kimin vəziyyətinin ciddi təhlükə altında olduğuna dair "kəşfiyyat məlumatlarını izlədiklərini" deyən adları açıqlanmayan ABŞ rəsmilərinə istinad edib. İddia olunan kəşfiyyat məlumatlarının xarakteri aydın olmayıb.

Bloomberg News-un istinad etdiyi daha bir adı açıqlanmayan ABŞ rəsmisi isə deyib ki, "Ağ Evə Kimə keçən həftə əməliyyat olunduğu və onun vəziyyətinin pisləşdiyi haqda məlumat verilib. Məlumatda Kimin vəziyyətinin ağır olduğu bildirilib.

Qərb ölkələrinin dünyanın ən gizli və repressiv ölkələrindən biri olan Şimali Koreyada kəşfiyyat fəaliyyətinin çox az olduğu güman edilir. Şimali Koreya məsələyə münasibət bildirməyib.

Kim Conq Unun səhhəti ilə bağlı şayiələr 36 yaşlı liderin keçən həftə Şimali Koreyanın ən vacib siyasi tədbirlərindən biri olan Günəş Günü təntənələrindən iştirak etməməsindən sonra yayılıb. Bayram günündə Kimin babası, ölkənin mərhum qurucu lideri Kim Il Sunun anadan olmasının ildönümü qeyd edilir.

Kim Conq Unun sonuncu ictimaiyyət içində olması 11 Aprel Koreya İşçi Partiyasının iclasına təsadüf edib. Ertəsi gün Kim Şimali Koreyanın vacib olan əsas parlament iclasına qatılmayıb.

"Hazırda bildiyimiz budur ki, o, 15 aprel mərasiminə qatılmayıb və bunun üçün yaxşı əsas olmalıdır. Və bunun nə olduğunu bilmirik" – deyə, Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi məsələyə münasibət bildirib.

Kim Günəş Günü şənliyində iştirak etmədiyi üçün səhhəti ilə bağlı olduqca çox sayda şayiələr var. Bilək əməliyyatı, ayaq biləyi əməliyyatı və ürək əməliyyatı keçirdiyi barədə şayiələr yayılıb. Bəzi şayiələr onun beyninin öldüyünü qeyd edir.

"Bunların heç biri əsaslı məlumata söykənmir" - deyə, Cənubi Koreya rəsmisi vurğulayıb.

Digərləri Kimin yoxluğunun koronavirusla əlaqəli ola biləcəyini güman ediblər. Şimali Koreya heç bir infeksiya olmadığını təkidlə bildirməyə davam etdirsə də, müşahidəçilər bu iddianı rədd edir.

Daily NK-in təsdiqlənməmiş məlumatına görə, Kim Conq Una aprelin 12-də Şimali Pxenyan əyalətindəki Hyanqsan xəstəxanasında əməliyyat olub. Məlumatda deyilir ki, obyekt "yalnız Kim ailəsinin istifadəsi üçün" nəzərdə tutulub.

"Kimin xəstəxana yaxınlığındakı Hyang San Villa-da həkimlərin nəzarəti altında olduğu bildirilir" - deyə, məlumatlarda qeyd edilir.

Ancaq Cənubi Koreya hökumətinə yaxın bir mənbə, sözügedən məkanınn ürək əməliyyatı kimi böyük əməliyyatlar üçün qurulmadığını VOA-yə bildirərək bu xəbəri inkar edib.

"Pxenyanda lider və yuxarı təbəqədəki insanlar üçün üç əsas tibb müəssisəsi var. Həqiqətən onun Hyang San Villada ürək əməliyyatı keçirəcəyinə şübhə edirəm" - deyə məsələ ilə bağlı ictimaiyyətə açıqlama vermək səlahiyyəti olmadığı üçün adının açıqlanmaması şərti ilə danışan mənbə qeyd edib.

Mənbə həmçinin Şimali Koreyanın Xarici İşlər Nazirliyinin Kimin bu yaxınlarda ABŞ prezidenti Donald Trampa məktub göndərdiyini təkzib edən bir bəyanatına da işarə edib.

"Kimə bir şey olsaydı, Xarici İşlər Nazirliyi, yəqin ki, belə bir açıqlama verməzdi, bu da o deməkdir ki, Kim bazar gününə qədər vəziyyətə nəzarət edib" - deyə, mənbə bildirib.

Seulda yaşayan bir Avropa diplomatı da məsələyə şübhə ilə yanaşıb.

"Mən hazırda bu şayiələri çox da ciddi qəbul etməzdim" - deyə, diplomat Amerikanın Səsinə açıqlama verib. "Ancaq əlbəttə, dəqiq nəsə demək olmur. Çox gənc olmasına baxmayaraq, onda artıq çəki problemi var”, o əlavə edib.

XS
SM
MD
LG