Accessibility links

Sevil Yüzbaşova: Bakının ekoloji mühiti daha da gərginləşib


Sevil Yüzbaşova: Bakının ekoloji mühiti daha da gərginləşib
Sevil Yüzbaşova: Bakının ekoloji mühiti daha da gərginləşib

Dünyada olan 11 iqlim qurşağının doqquzundakı ekoloji situasiya Azərbaycanda mövcuddur. Bu iqlim şəraiti insanın rahat və firəvan yaşaması üçün hər cür şərait yaradır. Təbii ki, Azərbaycan dünyanın bir hissəsidir və dünyadakı ekoloji mühit Azərbaycana da təsir edir.

Ekologiya Aləmi İctimai Birliyinin rəhbəri Sevil Yüzbaşova Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda ekoloji durumun insanlara rahatlıq gətirmədiyini, son illər ekologiya ilə bağlı dövlət proqramlarının həyata keçirildiyini, vətəndaşların ekoloji maarifləndirilməsinin aşağı səviyyədə olduğunu bildirib.

Sual: Azərbaycanın ümumi ekoloji mühiti necədir?

Cavab: Dünyada olan 11 iqlim qurşağının doqquzundakı ekoloji situasiya Azərbaycanda mövcuddur. Bu iqlim şəraiti insanın rahat və firəvan yaşaması üçün hər cür şərait yaradır. Təbii ki, Azərbaycan dünyanın bir hissəsidir və dünyadakı ekoloji mühit Azərbaycana da təsir edir. Son dövrlər baş verən zəlzələlər, vulkanlar, atmosferdəki dəyişikliklər, sunamilərin Azərbaycana təsirləri qaçılmazdır. Belə ki, Yaponiya zəlzələlərindən sonra Azərbaycandakı palçıq vulkanları fəallaşıb. Bir sıra palçıq vulkanlarında hətta alovlu püskürmələr qeydə alınıb. Ölkədə 800-dən çox palçıq vulkanları var.

Sual: Son dövrlər baş verən fəlakətli təbiət hadisələri, xüsusilə İslandiyada vulkan püskürmələrindən sonra Azərbaycanda tez-tez zəlzələlər də qeydə alınır?

Cavab: Bütövlükdə Azərbaycan ərazisi, xüsusilə Abşeron yarımadası seysmik zonada yerləşir. Burada, tez-tez 3-4 bal gücündə zəlzələlər baş verir. Bunlar isə çox yəqin ki, dünyanın digər regionlarında baş verən təbiət hadisələri ilə əlaqəlidir.

Sual: Paytaxt Bakının ekoloji mühiti necədir? Son dövrlər hansı dəyişikliklər baş verib?

Cavab: Paytaxtın ekoloji mühiti daha da gərginləşib. Bakıda həddən artıq avtomobillər var. Xüsusilə, köhnə avtomobillər çoxluq təşkil edir. Avropada “avro-5”, “avro-6” yanacaq standartlarına keçilməsinə baxmayaraq, Azərbaycan hələ də “avro-4” standartlarına keçə bilmir.

Sual: Xəzər dənizində ekoloji mühit necədir? Bakı şəhərinin əsas oksigen mənbəyi bu dənizdir.

Cavab: Xəzərin də ekoloji durumu gərgindir. Həddən artıq neft hasilatı Xəzər sularının çirklənməsinə, fauna və floranın dəyişməsinə səbəb olub. Xəzər sahilindəki çimərlikdə də vəziyyət ağırdır. Xəzərsahili çimərliklər olduqca qiymətli ərazilərdir. Burada insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təbii şərait var.

Sual: Azərbaycan prezidenti bu ili turizmi ili elan edib. Belə bir ekoloji mühitdə turistlərin ölkəyə gəlməsi nə qədər realdır?

Cavab: Yayılan məlumatlara görə, ölkəyə gələn turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, bu çox yaxşı haldır. Azərbaycan insanı da təbiəti və istirahəti çox sevir. İnsanlar arasında ciddi ekoloji maarifləndirməyə ehtiyac var. İnsanların ekoloji mədəniyyətə yiyələnməsi üçün proqramlar həyata keçirilməlidir. Təbiətdən, ona ziyan vurmadan, çirkləndirmədən istifadə edilməlidir.

Sual: Ekoloqlar Azərbaycana son dövrlər qışlamağa gələn quşların sayının azaldığını bildirir. Bunun səbəbi nədir?

Cavab: Son məlumatlara görə, ölkəyə gələn köçəri quşların sayı olduqca azalıb. Quşların gəlməməsinin əsas səbəbi su quşlarının qışladığı ərazilərdə ekoloji durumun gərginləşməsidir. Eyni zamanda, ərazilərinin idarə edilməsinin aşağı səviyyəsi buna səbəb olur. Bəzi bataqlıq sahələrin qurudulması, hidroloji vəziyyətin gərginləşməsi, quşların məskən saldığı çay deltalarının tutulması onların qışlamaq üçün daha əlverişli ərazilər seçməsinə səbəb olub.

Sual: Amma etiraf etmək lazımdır ki, hökumət də ekoloji mühitin sağlamlaşdırılması üçün davamlı işlər aparır. Çoxsaylı dövlət proqramları qəbul edilib, milli parklar, qoruqlar təşkil edilib. Meşələr salınır, milyonlarla ağac və kollar əkilir. Neftli ərazilər təmizlənir, rekultivasiya aparılır, bitki örtüyü salınır. Bir sözlə çoxsaylı işlər davam etdirilir.

Cavab: Doğrudanda bu sahədə çoxsaylı qanunverici və icra sənədləri qəbul edilib. Çoxsaylı layihələr həyata keçirilir. Amma, bir ağacın ətraf mühitə faydalı olması üçün 40-50 il vaxt lazımdır. Əsas faktor isə insandır. İnsanlar şüurlu şəkildə ətraf mühiti qorumalıdır.

XS
SM
MD
LG