Accessibility links

Sevinc Sadıqova: Əfqanın ürəyi dayana bilər


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 73-ci gündür aclıq edir.

Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, jurnalistin durumu çox kritikdir və son günlərini yaşayır.

“Vəziyyəti artıq kritikdir. Dünən iki saatdan sonra mənə müalicə müəssisində güclə görüş verdilər. Ona görə görüş vermək istəmirdilər ki, həqiqətən vəziyyəti pisdir. Yəni bu cür davam edərsə, Əfqanın ürəyi dayana bilər. Bu on gün də, beş gün də çəkə bilər. Çünki vəzyyəti çox kritikdir.”

Sevinc Sadıqova bu gün Ədliyyə Nazirliyinin Müalicə Müəssəsinin baş həkiminin açıqlama verməsini tələb edib.

“Müalicə müəssisinə gəlmişəm, amma görüş üçün yox. Hal-hazırda buradayam, tələb edirəm ki, məhz baş həkim çıxsın, burada çöldə qəbul otağı var. Məni burada qəbul etsin və bir həkim olaraq Əfqanın son durumu ilə bağlı özü danışsın, mənə bir açıqlama versin. Deyirəm çıxmır, deyir içəri keç. Mən içəri keçmək istəmirəm. Mən istəyirəm bunlar çıxsın. Çünki Əfqanın vəziyyəti çox ağırdır.”

Jurnalistin həyat yoldaşı məhkəmələrin Əfqan Sadıqovun işinə ədalətlə yanaşmadığını deyib.

“Məhkəmə də ədalətli qərar vermir, ədalətli yanaşmır, işə ədalətli baxılmır. Əfqan Sadıqov da deyir ki, sonu nə olursa olsun, sonu ölüm də olsa hazıram və mən aclığı dayandırmayacam.”

Sevinc Sadıqova artıq hara müraciət edəcəyini bilmədiyini deyir.

“Mən onun həyat yoldaşı, uşaqlarının anası olaraq mənim vəziyyətim ondan da pisdir. Çünki artıq hara, kimə müraciət edəcəyimi bilmirəm. Zatən, bu günə kimi etdiyim heç bir müraciətə cavab verilmir və bu işə ədalətli baxılmır. Bu ədalətsizliyə görə Əfqan həyatını itirə bilər. O aclığı dayandırsa belə onun səhhətində onsuz da problem qalacaq və əlil qala bilər. Mən onu necə gördüyümü izah edə bilmirəm. İnanın ki, adam 99 faiz ölüb. Hələ də Penitensiar Xidmətin mətbuat xidməti açıqlama vermir. Hələ də bəyanat vermir ki, bu müalicə müəssəsində insan can verir. Açıqlama versinlər camaat da, mətbuat da görsünlər. Amma heç bir açıqlama vermirlər. Bu da onu göstərir ki, sifarişlə işləyirlər,” o vurğulayıb.

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən jurnalsitin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb, telefon zənglərinə cavab verilməyib.

Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir.

"Dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir," Ombudsman Aparatından bildiriblər.

Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə Sadıqovun şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG