Accessibility links

Sevinc Sadıqova: "Əfqan Sadıqov hər an ölə bilər"


Əfqan Sadıqova azadlıq şüarı
Əfqan Sadıqova azadlıq şüarı

“Əfqan Sadıqovun səhhəti çox ağırdır. O hər an komaya düşə və ölə bilər. Bu gün noyabrın 27-də Əfqan Sadıqovun aclıq aksiyasının 24-cü günü, quru aclığının isə 5-ci günüdür.”

Bu barədə həbsxanada aclıq aksiyası keçirən jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçirdiyi təkadamlıq aksiya zamanı bildirib.

Sadıqovanın sözlərinə görə, həyat yoldaşı 1 saylı Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinə yerləşdirilib.

“Əfqan beş gündür sudan, dərmanlardan, qidalandırıcı maddələrdən imtina edib. Hər an ölə bilər. Müraciətlərimə baxmayaraq hələ hər hansı reaksiya verilməyib. Apellyasiya şikayəti çox gec, noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Burada mənə deyiblər ki, noyabrın 30-da hakim təyin ediləcək, bundan sonra 15 gün ərzində şikayətə baxıla bilər. Bu isə faktiki Əfqanın ölümü deməkdir,” o qeyd edib.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Amma, bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG