Accessibility links

Sevinc Sadıqova: Əfqan Sadıqov ya ədaləti bərpa edərək, ya da ölərək azadlığa qovuşacaq


Sevinc Sadıqova
Sevinc Sadıqova

Həbsdə olan “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqov yeddinci gündür aclığı davam etdirir.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu gün Sadıqovla telefon əlaqəsi saxlayıb.

“Əfqan Sadıqov hazırda həkim nəzarətindədir, amma təcridxananın sanitar-tibb hissəsinə köçürülməyib. Onun təzyiqi 100/60 olan nisbətindədir. Kəskin ağrıları başlayıb, halsızdır. Buna baxmayaraq aclığı davam etdirəcəyini dedi” Sevinc Sadıqova qeyd edib.

O, həyat yoldaşının ədalət bərpa edilənədək aclığı davam etdirəcəyini deyib.

Sevinc Sadıqova: Əfqan Sadıqov ya ədaləti bərpa edib, ya da ölüb azadlığa qovuşacaq
please wait

No media source currently available

0:00 0:06:08 0:00

“Əfqan inadkardır. O deyir ki, ya ədalət bərpa olunacaq həbsdən azadlığa çıxacaq, ya da ac qalaraq ölüb azadlığa qovuşacaq,” jurnalistin həyat yoldaşı qeyd edib.

Sevinc Sadıqova Əfqan Sadıqovun məqalələrində qaldırdığı faktlarla bağlı hüquq mühafizə orqanlarını araşdırma aparmağa çağırıb.

“Jurnalsitin ortaya çıxardığı qanunsuzluqları araşdırmaq əvəzində, onun özünü həbs edirlər. Əfqanın həbsi onun jurnalıst fəaliyyətinin məhdudlaşıdırılmasına yönəlib. Mən ölkə başısından, hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, jurnalistin araşdırdığı qanunsuzlara hüquqi qiymət verilməsinə nəzarət etsinlər. Əfqanı azadlığa buraxsınlar. O, günahlkar deyil, korrupsionerlərin tələsi ilə həbs edilib,” Sadıqova deyib.

Jurnalist Əfqan Sadıqov noyabrın 4-də aclıq aksiyasına başlayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edir.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə- qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Sadıqovun səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələ şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG