Accessibility links

Sevinc Sadıqova: “95 gün aclıq edən jurnalistin yaddaşı pozulub, əlləri əsir”


Əfqan Sadıqov

Həbsdə olan Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 95 gündür aclıq edir. Onun vəziyyəti ağırdır, yaddaşı pozulub.

please wait

No media source currently available

0:00 0:04:07 0:00

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bu gün, fevralın 6-da jurnalistlə telefon danışığından sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, Əfqan Ssdıqov aclığı sonadək davam etdirəcəyində iddialıdır.

“Əfqan aclığının 80-cı günündə komaya düşdü və bir gün sonra həkimlərin müdaxiləsindən sonra ayıldı. O aclığı hələ də davam etdirir. 80-cı gündən sonra zond vasitəsi ilə məcburi qidalandırılır. Hal-hazırda sistemlə saxlayırlar yəni ölməyə qoymurlar. Vəziyyəti olduqca ağırdır, yaddaşı pozulub, ayağa qalxa bilmir, əlləri əsir, əlil arabasındadır. Ona hazırda zondla qidalandırmanı da dayandırıblar. Çünki həkimlər hesab edir ki, zondla uzun müddət qidalandırma mədə qapağının açıq qalmasına səbəb olur və bu halda insan ölə bilər. İnsafən bizimlə yanaşı həkimlər də, Penitensiar Xidmətin psixoloqu da Əfqana aclığın dayandırmasının vacib olduğunu aşılayır. O isə inadından dönmür. Deyir ki, nə olursa olsun, özü yeməyəcək, aclığı sonuna kimi davam etdirəcək. Onu bu yolda kimsə durdura bilməyəcək və iradəsini qıra bilməyəcək. Bu cür cəsarətli, mərd insanlara sahib çıxaq, ölüsünə deyil dirisinə sahib çıxaq. Əfqanla yanaşı bütün siyasi məhbuslar azad edilməlidir,” Sadıqova qeyd edib.

Sevinc Sadıqova özünə qarşı təzyiqlərin olduğunu da bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG