Accessibility links

Sevinc Sadıqova: Həyat yoldaşım ölümün bir addımlığındadır


“Jurnalist Əfqan Sadıqov həbsxanada 23-cü gündür aclıq edir, dördüncü gündür su qəbulundan da imtina edib. O, faktiki olaraq ölümün bir addımlığındadır. Əgər o, ölsə, hakimiyyət o yana dursun, Azərbaycan üçün ciddi problemlər yaranacaq.”

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində məlumat yayıb.

Sevinc Sadıqova jurnalistin şikayəti ilə bağlı keçiriləcək apellyasiya məhkəməsinin vaxtının uzadılımasından da narahatdır.

“Bakı Apellyasiya Məhkəməsinin Əfqanın işini bu qədər uzatmaqda məqsədi nədir? Hələ 1-ci gün (noyabrın 30-da) hakim təyin olunacaq və 15 iş günü ərzində prosesin vaxtı təyin olunacaq. Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz edəcəm!”, o qeyd edib.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Amma bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir sıra yerli və beynəlxaql hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun dərhal azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG