Accessibility links

Sevinc Sadıqova: Jurnalistin səhhəti olduqca ağırdır


Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 61-ci gündür aclıq edir.

Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Amerikanın Səsinə deyib.

please wait

No media source currently available

0:00 0:01:44 0:00

Onun sözlərinə görə həyat yoldaşının vəziyyəti ağırdır.

“Əfqanın vəziyyəti hədsiz dərəcədə çox ağırdır. Hazırda 90 kiloqramdan 63-64 kiloqramadək arıqlayıb. Dekabrın 26-da vəziyyəti o qədər ağırlaşıb ki, bütün bütün həkimlər gəlib. Baş həkim gəlib, rəis gəlib. Onu reanimasiyaya köçürmək istəyiblər. Ancaq reanimasiyaya anti-sanitariya olduğundan köçürə bilməyiblər. Həmin vaxtı müdaxilə olunub sistem qoşulub. Siz bilirsiniz ki, Əfqan Sadıqov sistemdən də imtina etmişdir. Heç bir sistem qəbul etmir. Sadəcə vəziyyəti o qədər ağırlaşıb ki, artıq müdaxilə edə bilməyib və ona sistem qoşublar. Vəziyyəti çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Sümüyün üstündə dəri qalıb. Ürəyi, böyrəyi, qara ciyərin vitamin qəbul etmədiyindən gücü çatmır.”

Sevinc Sadıqova deyir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ombudsman Aparatına müraciət edib.

“Qırmızı Xaçdan gediblər. Baxıblar. Daha sonra mənimlə əlaqə saxladılar. Vəziyyətinin ağır olduğunu dedilər. Mən də dedim ki, bilirəm. Sadəcə nəzarətdə olsun. Ombudsman mənə cavab vermir. Qaynar xəttə yığıram. Orada dinləyirlər, danışırlar. Daha sonra telefon nömrələri veriblər. O nömrələrin heç biri cavab vermir. Heç bir reaksiya yoxdur. Artıq hara müraciət edəcəyimi də bilmirəm.”

Bundan əlavə Sevinc Sadıqova qeyd edib ki, yanvarın 6-da Əfqan Sadıqovla görüşəcək.

Bu fikirlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.

Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir:

"Dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir," Ombudsman Aparatından bildiriblər.

Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə jurnalist Əfqan Sadıqovun şikayətinə ilkin baxış olub.

Vəkil Elçin Sadıqov bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini məhkəmə təmin etməyib.

Vəkilin sözlərinə görə, səhhəti ilə bağlı jurnalist məhkəmə prosesində iştirak edə bilməyib. İnternet əlaqəsi olmadığından Əfqan Sadıqov məhkəməyə on-layn formatında da qoşula bilməyib.

Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 20 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

“O, tez-tez huşunu itirir. Həkimlər Əfqanın hər an komaya düşə biləcəyini deyir. Əfqana nə qədər xahiş etsəm də inadından dönmür. Deyir ki, ya məhkəmədə ədalət bərpa ediləcək, ya da ölənədək aclığı davam etdirəcək,” Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Şərhlərə bax

XS
SM
MD
LG