Accessibility links

Sevinc Babayevanın Türkiyədə öldüyü təsdiqləndi


Sevinc Babayeva
Sevinc Babayeva

Ramiz Mehdiyevin adının hallandığı rüşvət videosu yayıldıqdan sonra Babayeva yoxa çıxmışdı

İstanbuldakı “Medicana International İstanbul Hospital” klinikası Azərbaycan vətəndaşı Sevinc Babayevanın ölməsi barədə dünəndən yayılan məlumatı təsdiqləyib. S.Babayeva Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin İnternetdə yerləşdirdiyi qalmaqallı videoçarxlarda əsas fiqurlardan biridir.

Xəstəxanadan Turan agentliyinə S.Babayevanın ölümünün səbəblərini açıqlamayaraq bunu qohumlarının tələbi ilə əsaslandırıblar. Klinikadan Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət etməyi tövsiyə ediblər.

Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da axtarışda olan Sevinc Babayeva Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat etdiyini təsdiq edib.

Onun sözlərinə görə, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və S. Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilib və mərhumun S. Babayeva olması müəyyənləşdirilib.

İlkin məlumatlara görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S. Babayeva ürək çatışmazlığından vəfat edib.

Aparılacaq ekspertizada iştirak etmək üçün Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunub.

Xatırladaq ki, sentyabrın 25-də E.Abdullayevin yayımladığı videoda S.Babayeva keçmiş deputat Gülər Əhmədova ilə E.Abdullayevin 2005-ci il parlament seçkilərində deputat olması üçün rüşvətin məbləğini müzakirə edirlər.

Bu video yayımlandıqdan üç gün sonra hakimiyyət “dələduzluq” maddəsi üzrə cinayət işi qaldırıb. Lakin nə S.Babayeva, nə də G.Əhmədova saxlanılmayıb. Üstəlik, məlum olub ki, S.Babayeva Türkiyəyə qaçıb.

İki həftə əvvəl yayımlanan yeni videoda S.Babayeva E.Abdullayevi əmin edib ki, 1 milyon dollar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırılıb və E.Abdullayevin deputat seçilməsi məsələsi həll olunub.

Bundan sonra Azərbaycan hökuməti İnterpol xətti ilə S.Babayevanın barəsində axtarış elan etmişdi.

Sevinc Babayevanın ölümü ictimai fikirdə ciddi müəmma və şübhələrlə qarşılanır. Bəziləri xanım Babayevanın qəfil və qabaqcadan haqqında xəbərdarlıq edilən ölümünü siyasi motivli sifarişlə əlaqələndirirlər.

S.Babayeva Azərbaycan sərhədini necə keçib? İnterpol xətti ilə axtarışda olan şəxs Türkiyəyə necə daxil olub? Onun barəsində axtarış elan edilmişdisə niyə axtarılmayıb? Sevinc Babayeva videolar yayıldıqdan sonra hətta hüquq müdafiəçilərinin yanında olub və onlardan müdafiə olunmasını xahiş edib. Gənc qadın hüquq müdafiəçiləri ilə görüşündə gümrah görünürdü. O, videoların birində rüşvət işinə görə adamın öldürülməsi ehtimalını irəli sürüb. Gənc qadın necə oldu ki, Ramiz Mehdiyevin adını rüşvətdə hallandırdıqdan sonra öldü?

Bu və digər çoxsaylı suallar açıq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG