Accessibility links

Seymur Həzi: Vətəndaş cəmiyyəti, azad mətbuat nəfəs ala bilmirsə siyasi inkişafdan danışa bilmərik


Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində iqtidar-müxalifət əlaqələri, ictimai-siyasi fəallara təzyiqlərdən danışıb.

Amerikanın Səsi: Pandemiya ölkədə siyasi fəaliyyətə necə təsir edib? AXCP pandemiya dövründə fəaliyyətini necə qurur?

Faktiki olaraq uzunmüddətli məhkəmə qərarları ilə həbsdə olan 8 cəbhəçi var. Təxminən 20 yaxın cəbhəçi də bu və ya digər formada istintaq altındadır.

Seymur Həzi: Deməli, pandemiya başlayan ərəfədə, Azərbaycanda rəsmi qadağalar qoyulmamışdan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi çağırış etdi ki, Azərbaycan bütün ölkələrlə, xüsusilə İranla sərhədləri bağlamalıdır. Bu çağırışı biz əsaslandırdıq ki, İranda infeksiya çox yayılmışdı. Azərbaycanda sərhədlərin açıq olması sürətli yoluxmanın əsas siqnallarından biri idi ki, Azərbaycanda olacaq. Rəsmi qadağalardan bir həftə əvvəl AXCP bütün ictimai fəaliyyətini, kütləvi toplantılarını, rayon şöbələrinin konfranslarını təxirə saldı və bunun rəsmi tərəfi kimi təbii ki, pandemiyanı göstərdi və təbii ki, biz istəyirdik ki, ictimaiyyətə həm də nümunə olaq ki, bu ərəfələrdə kütləvi toplaşmaq və ya pandemiyanı ciddiyə almamaq çox ciddi fəsadlar yarada bilər. Təbii ki, bundan günlər sonra hökümət qərar qəbul elədi. İlkin yasaqları qoydu. Ancaq həmin vaxt dünyanın bir çox siyasi mərkəzlərində siqnallar verilməyə başladı ki, bir çox rejimlər pandemiyadan siyasi rəqiblərini susdurmaq üçün istifadə edəcəklər. Çox təəssüflər olsun ki, Azərbaycan höküməti özünü çox gözlətmədi. O rejimlərin siyahısına düşdü və rəqiblərinə qarşı xüsusi amansız kampaniya apardı. Pandemiyanın birinci dalğasında, birinci karantin dövründə 30-a qədər AXCP üzvü inzibati həbs aldı. İki nəfər həbs olundu - Əlizamin Salayev və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həbs olundu. Bütün bunların hamısı dövlət başçısı İlham Əliyevin mart ayında Novruz bayramı ərəfəsində məşhur nifrət çıxışından sonra başladı. Heç kimdə şübhə doğurmurdu ki, bu çıxışların arxasınca həbslər gələcək və bu həbslər AXCP-ni bürüyəcək. Hələ, aprel ayında da bir nifrət çıxışı oldu. Bunun da ardınca inzibati həbslər oldu. Və ikinci dalğa oldu. İyul ayında Qarabağ ətrafında olan hadisələr vəziyyəti pik həddə çatdırdı. Partiyanın rəhbərliyindən təxminən beş nəfər, Rəyasət Heyəti də daxil olmaqla 20-yə yaxın partiya üzvü həbs olundu. Otuza yaxın partiya üzvü istintaqa cəlb olundu və bunların hamısı partiyaya xüsusi basqı idi. AXCP öz demokratik, təbii ki, mübariz metodlarından imtina etmədi və indi də imtina etməyib. Biz bundan sonrakı dövrlərdə fəaliyyətimizi ölkədəki qanunvericiliyə uyğun olaraq, həm pandemiya şəraitinə uyğun olaraq, həm də demək olar ki, cəmiyyətin tələblərinə uyğun olaraq qurduq.

Hal-hazırda vəziyyət təbii ki, rəsmi olaraq qiymətləndirə bilərik, bir də faktiki vəziyyət var. Rəsmi vəziyyət bundan ibarətdir ki, AXCP-nin Rəyasət Heyətinin 5 üzvü hal-hazırda istintaq altındadır. Ev dustaqlığına buraxılsalar da, təşkilat şöbəsinin bir neçə əməkdaşı istintaq altındadır. Partiyanın sıravi üzvləri, rayon şöbələrinin sədrləri istintaq altındadır. Rəyasət Heyətinin bir üzvü faktiki uzun müddətdir həbsdədir. Rayon şöbələrindən həbsdə olan var. Faktiki olaraq uzunmüddətli məhkəmə qərarları ilə həbsdə olan 8 cəbhəçi var. Təxminən 20 yaxın cəbhəçi də bu və ya digər formada istintaq altındadır. Amma bütün bunların hamısı partiya üzərində bir basqıdır, təzyiq yaratmaq məqsədi daşıyır. Mən düşünürəm ki, bu məsələlər məhz məqsədinə çatmayacaq. Çünki AXCP 20-30 nəfərdən ibarət deyil. Eyni zamanda, Azərbaycan cəmiyyətinin narahatlıqları bu 20-30 nəfəri həbs etməklə tükənən və aradan qalxan deyil. Bu da siyasi baxımdan irrosional addım olar ki, bir təşkilatı susdurmaqla və yaxud özünə maraqlı xırda quruplar yaratmaqla guya hansısa problemi həll olunmuş kimi göstərmək mümkün deyil.

Amerikanın Səsi: Hakimiyyət siyasi partiyalarla dialoqun qurulduğunu deyir. Amma AXCP ilə hakimiyyət nümayəndələri arasında görüşlər hələ baş tutmayıb. Bunun səbəbi nədir?

AXCP bildirir ki, o Azərbaycanın köklü problemləri ətrafında dialoqa hazırdır. Bu dialoqu şəffaf və ictimaiyyətə açıq formada etməyə hazırdır.

Seymur Həzi: Biz dialoqla bağlı elə sizin efirinizdən bir neçə dəfə bildirmişik. Bizim mövqe bundan ibarətdir ki, AXCP heç vaxt dialoq imkanlarından imtina etməyib və dialoqu siyasi bir vasitə kimi inkar etməyib. Dialoq mühüm bir siyasi vasitədir. Təbii ki normal ölkələrdə siyasi qüvvələr arasında, iqtidar-müxalifət dəxli yoxdur, siyasi qüvvələr arasında siyasi dialoq parlamentdə baş verir. Parlamentdən kənar siyasi təşkilatlar olduqda isə siyasətçilərin və ya təşkilatçıların özləri müəyyənləşdirirlər ki, onlar bunu hansı formatda həyata keçirirlər. Amma, Azərbaycanda faktiki vəziyyət belədir ki, iqtidar birmənalı şəkildə müəyyən bir tezislər ətrafında təmərküzləşmə yaratmaq istəyir. Bu, məhz tezislər ətrafında təmərküzləşmədir. Azərbaycan bu cür təmərküzləşmədə iştirak etmir. AXCP bildirir ki, o, Azərbaycanın köklü problemləri ətrafında dialoqa hazırdır. Bu dialoqu şəffaf və ictimaiyyətə açıq formada etməyə hazırdır. Onun formalarını da təklif edir. Düşünürəm ki, əslində təbii dialoq 44 günlük müharibə ərəfəsində ortaya çıxdı. Bu nə idi? Tutaq ki, ümummilli problem var. Cəmiyyət onun ətrafında səfərbər olunub. Siyasi qüvvələr bununla bağlı öz mövqelərini ifadə edirlər. Ortaq mövqeyə gəlirlər. Bu, əslində təbii bir dialoqdur. Amma bir tərəf hansısa tezisi ortaya atıb və hər kəs onun ətrafında toplaşmaq istəyirsə, bu, dialoq deyil. Bu hansısa tezis ətrafında təmərküzləşmədir. AXCP bu prosesdə iştirak etmir.

Amerikanın səsi: Hal-hazırda AXCP-yə hakimiytət tərəfindən dialoq, görüşlər keçirilməsi ilə bağlı yeni təkliflər gəlirmi?

Seymur Həzi: Xeyr. Hakimiyyət tərəfindən yalnız bir dəfə ictimaiyyətə məlum olduğu qaydada təklif almışıq və onu da biz dialoqun imkanlarını mümkün dialoqun formalarını müzakirə eləyərkən razılığa gələ bilməmişik.

Amerikanın səsi: Sizcə dialoqun gündəliyi necə olmalıdır?

Bu gün qazilərə, şəhid ailələrinə kompensasiya ilə bağlı, onların sosial təminatı ilə bağlı, su problemi ilə bağlı siyasi qüvvələr arasında çox ciddi anlaşılmazlıq var.

Seymur Həzi: Dialoqun gündəliyi cəmiyyəti narahat edən problemlər olmalıdır. Cəmiyyətin inkişafına problem törədən, siyasi qüvvələr arasında anlaşılmazlığa səbəb olan məsələləri oturub çözmək olmalıdır. Tutaq ki, bu gün qazilərə, şəhid ailələrinə kompensasiya ilə bağlı, onların sosial təminatı ilə bağlı, su problemi ilə bağlı siyasi qüvvələr arasında çox ciddi anlaşılmazlıq var. AXCP hesab edir ki, Azərbaycanda sosial vəziyyətin gərginliyini nəzərə alıb suyun qiymətini, kommunal və yanacağın qiymətini qaldırmağa ehtiyac yox idi. Bu, süni qiymət artımıdır. Hökumət də hesab edir ki, bu, vacib məsələdir. Bu, millət üçün çox ciddi bir məsələdir. Bunun ətrafında ekspertlərlərdən ibarət bir komissiya oturub işləyə bilərdi. Ortaq məxrəcə gəlinə bilərdi. Və yaxud, hal-hazırda Qarabağ və Rusiya mövzusunda bizim əndişələrimiz var. Rusiyanın Azərbaycan ərazilərinə girməsi və burada özünü istədiyi kimi aparması Azərbaycan ictimaiyyətini, xüsusilə də AXCP-ni narahat edir. Hökümət bundan narahat görünmür. Bu məsələni müzakirə edə bilərdik. Yəni, bu mövzular var, gündəliklər belə ola bilər. Gündəliklər hansısa partiyanın və yaxud hansısa qrupun özünün vacib bildiyi məsələlər deyil, cəmiyyətin siyasi partiyalardan və qüvvələrdən həllini gözlədiyi problemlər ətrafında baş verməlidir.

Amerikanın səsi: AXCP ölkədə siyasi inkişafın hazırki durumunu necə dəyərləndirir? Bu sahədə perspektivlər barədə nə deyə bilərsiniz?

Seymur Həzi: Mən düşünürəm ki, ölkədə hal-hazırda siyasi inkişafdan danışmaq doğru olmazdı. Çünki siyasi inkişaf anlayışı parlamentar sistemin qüvvətli olması ilə bağlıdır. Parlamentin üstünlüyü olan bir sistemə aiddir. Hakimiyyət bölgüsünün taraz olduğu bir sistemə aiddir. Məhkəmə hakimiyyətinin qüvvətli olduğu bir siyasi sistemə aiddir. Azad mətbuatın, vətəndaş cəmiyyətinin qüvvətli olduğu bir siyasi sistemə aiddir. Əgər, Azərbaycanda vətəndaş cəmiyyəti, azad mətbuat nəfəs ala bilmirsə, biz siyasi inkişafdan danışa bilmərik. Siyasi inkişaf siyasətçilərin yuxarıdan aşağı öz tezislərini cəmiyyətə dayaması deyil, cəmiyyətin aşağıdan yuxarı institutlarla öz siyasi mənafelərini mərkəzdə gündəmə gətirib, həll etdiyi bir prosesdir. Ona görə də mən düşünürəm ki, hal-hazırda bunun şahidi deyilik.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG