Accessibility links

Sarayevo Film Festivalında azərbaycanlı jurnalist haqqında film nümayiş olunacaq


“Çinar ağacının kölgəsində” filmindən fraqment

Jurnalist Aynur Elgünəşin ilk dəfə rejissorluğunu etdiyi “Çinar ağacının kölgəsində” (“Shadowed by the plane tree”) sənədli filmi Sarayevo Film Festivalının müsabiqə proqramına salınıb.

“Çinar ağacının kölgəsində” qısametrajlı sənədli filmi jurnalistin şəxsi və siyasi avtobioqrafiyasıdır. Aynur Elgünəş yeniyetməykən məcburi köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır. Film rejissorun iki müharibə arasına sıxışdırılmış həyat yoluna fokuslanır.

Aynur Elgünəş deyir ki, o, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir:

“Bu, mənim ilk rejissorluq işimdir, əsas ideya Durnanın idi. Sadəcə ssenarini mən yazdım. Komanda ilə belə bir iş ərsəyə gətirdik. Filmin adı isə evimizin qarşısındakı çinar ağacının uşaqlığımın bir xatirəsi ilə bağlıdır”.

Aynur Elgünəş
Aynur Elgünəş

Aynur Elgünəş qeyd edib ki, artıq ikinci film haqqında da düşünür.

“Həyatımın 10-cu və ən ağır əməliyyatından çıxan günün sabahısı Sarayevo Film Festivalından e-mail aldım, filmimiz seçilmişdi, rejissor və prodüser kimi mənimlə Durnanı Sarayevoya dəvət edirdilər. Çətin anlarda işarətlərə inanan adamam, ona görə də indi ağrılar içində sevinməyin nə demək olduğunu izah etməkdə acizəm”, deyə jurnalist deyir.

751 film arasından seçilən və builki festivalda nümayiş olunacaq yeganə Azərbaycan filmi olan “Çinar ağacının kölgəsində” filminin prodüseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur, musiqisi isə bəstəkar Firudin Allahverdiyə məxsusdur.

Xronometrajı 18 dəqiqə olan bu film üzərində komanda təxminən 1 ilə yaxın əmək sərf edib.

Filmin prodüseri Durna Səfərova ideyanın necə yaranmasından bəhs edib:

“Aynur Elgünəş doğulub-böyüdüyü Ağdam şəhərinə 28 il il ayrılıqdan sonra səfər edəndə maraqlı bir məqalə yazmışdı. Emosional yazı idi, təsirli nüanslara toxunurdu, amma sadəcə toxunub keçirdi. Yazının sonunda belə bir cümlə vardı: “Ağdam uşaqlığımdır, xatirələrimdir və bir də heç vaxt birlikdə olmayacaq ailəmdir”. Bu son cümlə bir növ bu film üzərində işləmək üçün başlanğıc oldu”.

Durna Səfərova
Durna Səfərova

Durna Səfərova deyir ki, konflikt, müharibə, itki, travma haqqında yazmaq və ya çəkmək asan deyil. Onun sözlərinə görə, Aynur Elgünəş ssenarini yazmaq prosesində keçmişin, müharibənin ağrılı təcrübələrini yenidən yaşamalı olurdu.

“Filmdə həm arxiv materialları, həm Ağdama gedərkən telefonla çəkdiyi görüntülər, həm də animasiyadan yararlanaraq, Aynur bir-birindən qopmuş xatirələrini bir araya gətirməyə çalışır. Bu film itirilmiş keçmişin, müharibə ilə yoxa çıxmış uşaqlıq və yeniyetməliyin axtarışıdır”, deyə Səfərova bildirib.

Durna Səfərova deyir ki, son 30 ildə Azərbaycanda Dağlıq Qarabağ müharibəsinin təsirlərini işləmiş saysız filmlər çəkilsə də, çoxu müharibəni bəsləyən propaqanda məhsuludur, “Çinar ağacının kölgəsində” filmi isə kiçik, lokal hekayə olaraq universal dəyərlərə əsaslanaraq işlənib:

“Filmi inkişaf etdirdikcə əmin olurdum ki, bu hekayə özünün auditoriyasını tapacaq. Bu baxımdan festival həyatına Sarayevo Film Festivalından başlaması çox sevincli bir xəbər oldu. Ancaq ayrı-ayrı filmlərin böyük festivallarda nümayişinin Azərbaycan kino sektoruna təsirinin necə olması barədə bir fikir demək çətindir. Belə bir təsiri uzun vədədə görmək mümkün olar. Yerli kinoindustriyanın inkişafı bir çox amildən asılıdır; o, fərdlərdən və fərdi nailiyyətlərdən daha çox sistematik, institusional dəyişikliklər tələb edir”.

Filmin premyerası festivalda reallaşacaq.

“Çinar ağacının kölgəsində” filminin afişası.
“Çinar ağacının kölgəsində” filminin afişası.

Afişada qeyd olunub ki, festivala Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Bosniya-Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Yunanıstan, Gürcüstan, Macarıstan, Kosovo, Şimali Makedoniya, Malta, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə və Ukraynadan olan film və kinematoqrafçılar qatılıb.

28-ci dəfədir ki, təşkil olunacaq festivalın dörd müsabiqə bölməsində – bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə ümumilikdə 51 film “Heart of Sarayevo” (“Sarayevonun ürəyi”) mükafatları uğrunda mübarizə aparacaq.

Təşkilatçıların bildirdiyinə görə, bu il festivala 160 bədii, 211 sənədli, 240 qısametrajlı və 140 tələbə adı daxil olmaqla 751 film təqdim edilib. “Çinar ağacının kölgəsində”nin də yer aldığı festivalın sənədli film bölməsində iyirmi iki film yarışacaq.

“Xurmalar yetişәn vaxt” filminə görə 2019-cu ildә Sarayevo Film Festivalının "Ən yaxşı sәnәdli film” mükafatını qazanmış azərbaycanlı rejissor Hilal Baydarov isə bu il “Sәnәdli film” müsabiqәsinin üç münsif üzvündən biri olacaq. Digәr iki jüri üzvü isә gürcü rejissor Salome Jashi vә Margje De Koningdir. 1995-ci ildən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilməyə başlayan bu festival Cənub-şərqi Avropanın genişmiqyaslı kino tədbiri hesab olunur. İlk festival 25 oktyabr- 5 noyabrda Sarayevonun mühasirəsi zamanı keçirilib. Həmin vaxt 15 min tamaşaçısı olan festivalın hazırda auditoriyası 100 mindən çoxdur. Bosniyadakı müharibənin izlərini silmək və Sarayevonu yenidən mədəniyyət və sənət mərkəzinə çevirmək məqsədilə təşkil olunan Sarayevo Film Festivalına indiyə kimi – aktyorlar Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum, Daniel Kreyq, Con Malkoviç, rejissor Nuri Bilge Ceylan kimi məşhurlar qatılıblar. Builki festival avqustun 12-dən 19-dək keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG