İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Şahin Bərzigər Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən bir il azadlıqdan məhrum edilib.
Araz News saytının yaydığı məlumata əsasən, iyulun 11-də Şahin Bərzigərin vəkilinə təslim olunan iddia nəticəsində Bərzigər,"İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzasına məhkum edilib.
Məhkəmə qərarının bir hissəsində deyilir ki; "Vilayətin Baş Kəşfiyyat İdarəsinin hesabatına görə, təqsirləndirilən şəxs İnstagram səhifəsində separatçı fotolar və simvollar yerləşdirib, etnikçi məhbusların şəkillərini yayıb və onların sərbəst buraxılmasını tələb edib və hərbi məhkəmə tərəfindən eyni ittihamla mühakimə olunmasına baxmayaraq, fəaliyyətini davam etdirib."
Şahin Bərzigər digər bir neçə milli fəal kimi ötən ilin noyabr ayında İranda kütləvi etirazlarda iştirak etmədən atasının evində tutulmuşdu.
Fəalın ittihamları ilə bağlı məhkəmə iclasları 2020-ci ilin iyun ayının 9-da hakim Pirinin sədrliyi ilə "icmanın asayişi və intizamını pozmaq" ittihamı ilə Təbrizin cinayət məhkəməsinin 112-ci şöbəsində və "İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qeyri-qanuni qruplara qoşulmaq" ittihamları ilə əlaqədar hakim Rəhim Həmləbərin sədrliyi ilə Təbrizin inqilab məhkəməsinin birinci şöbəsində keçirilmişdir.
Bu yaxınlarda Təbrizin İkinci Cinayət Məhkəməsinin 112-ci şöbəsi "ictimai qaydanı pozmaq" ittihamı irəli sürülən fəala bəraət hökmü verib.
Şahin Bərzigər noyabr etirazları zamanı həbs olunan digər milli fəallarla birlikdə Təbrizin təhlükəsizlik idarəsinin xüsusi həbsxanasında müxtəlif sorğularla işgəncələr altında 77 gün saxlanılıb və sonra isə Təbriz həbsxanasına köçürülüb.
Bərzigər Fevralın 24-də Təbriz həbsxanasında neçə gün qeyri müəyyən vəziyyətdə qaldıqdan sonra, məhkəmə prosesinin sonuna kimi 600 milyon tümən müqabilində sərbəst buraxılıb.
Təbriz İnqilab Məhkəməsinin Birinci şöbəsi "qeyri-qanuni qruplara qoşulmaq" ittihamı ilə Şahin Bərzigər haqqında bəraət hökmü çıxarıb.
Bu tələbə fəal İranın təhlükəsizlik orqanları tərəfindən dəfələrlə tutulub, həbs edilib və mühakimə olunub.
Ötən ilin noyabr ayında İranda keçirilən ümumxalq etirazları zamanı İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən çox sayda vətəndaş və milli fəal həbs edilmişdi.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri iyunun 1-də noyabr etirazları zamanı 230 etirazçının aksiyalarda həyatını itirdiyini və 2000 nəfərdən çox vətəndaşın yaralandığını təsdiqlədi. Ancaq Amnesty İnternational təşkilatı azı 304 nəfərin öldüyünü, Reuters xəbər agentliyi isə 1500 nəfərin iki həftəlik etirazlar zamanı öldürüldüyünü bildirmişdi.