Accessibility links

Milli fəal Şəhruz Bərzigərin günahkar olduğu ilə bağlı qərar verilib


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Şəhruz Bərzigərin günahkar olduğuna dair məhkəmə tərəfindən hökm çıxarılıb.

Təbriz sakini Bərzigər iyul ayının 24-də həmin şəhərdə keçirilən İranın cənub qərbində yerləşən ərəb icmasının etiraz aksiyasına dəstək mitinqi zamanı həbs edilmişdi.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Şəhruz Bərzigərin məhkəmə işi ilə bağlı Təbriz Ümumi və İnqilab prokurorluğuna müraciət etdiyində günahkar olduğuna dair qərar çıxdığından xəbərdar olub. Qərar Təbriz Ümumi və İnqilab prokurorluğunun 1-ci şöbəsinin sədri olan hakim Nasir Bağıri tərəfindən verilib.

Milli fəala qarşı "qanunsuz mitinqdə iştirak edərək ictimai asayişi pozmaq", "polis orqanlarının əməkdaşları ilə toqquşub, onlara qarşı üsyan etmək" kimi ittihamlar irəli sürülüb. Hələ ki, məhkəmə tərəfindən fəalın günahkarlığı ilə bağlı cəza müəyyən edilməyib.

Türk fəal Şəhruz Bərzigər iyulun 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir həftə sonra 150 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına kimi müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Şəhruz Bərzigər daha öncə də apardığı fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs və mühakimə olunub.

İranın Xuzistan vilayətində su ehtiyatlarının yarıtmaz idarəçiliyi nəticəsində yaranan su qıtlığına ərəb icmasının apardıqları etiraza dəstək olmaq məqsədilə mitinq keçirilmişdi.

Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı. Bu vətəndaşlara qarşı irəli sürülən məhkəmə prosesi hələ də davam edir.

XS
SM
MD
LG