İtaliya rəsmilərinin bazar günü verdiyi məlumata görə, şənbə günü Siciliyanın Ravanusa şəhərində baş verən qaz partlayışı nəticəsində bir neçə yaşayış binası çöküb. Nəticədə üç nəfər ölüb, altı nəfər itkin düşüb.
Parlayış səbəbilə 11 min sakini olan şəhərdə iki yaşayış kompleksi tamamilə dağılıb və bir neçə başqa bina qismən çöküb.
Yanğındsöndürənlər hələ də sağ qalanları axtarırlar.
Yerli yanğınsöndürmə briqadasının kapitanı Cuzeppe Merendino bazar günü deyib ki, dağıntılar altından iki nədəf sağ çıxarılıb, altı nəfər isə hələ də itkindir.
İtaliyanın Mülki Müdafiə idarəsinin sözçüsü üç nəfərin öldüyünü bildirib. Bundan öncə idarə partlayışda dörd nəfərin öldüyünü bildirmişdi.
Şənbə günü yaxınlıqda dini ayində iştirak edən rahib güclü partlayış səsi eşitdiyini və bir neçə evdən alovların çıxdığını gördüyünü deyib.
“Bu, böyük faciədir... Allaha dua edək ki, daha çox tələfat olmasın,” rahib Filippo Barbera bildirib.