Accessibility links

Şirvanda hərbi zavodda partlayış zamanı ölən olmayıb [Video] (Yenilənib-2)


Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub
Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub

İyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş vermişdir. Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcəkdir.

Bununla yanaşı Səhiyyə Nazirliyinin mətbuat xidməti hazırda xəsttəxanada 18 nəfərin olduğunu bildirir.

***

Hazırda Şirvan şəhər Mərkəzi Xəstəxanaslına 11 nəfər xəsarət alan şəxs daxil olub. Onlardan vəziyyəti ağır olanlar var. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, hadisə yerində Bakıdan göndərilmiş 5 həkim briqadası işləyir. Eyni zamanda, Şirvan şəhərindən və ətraf rayonlardan da həkim briqadaları cəlb edilib.

Yanğın davam etdiyindən hadisə yerində ölən və yaralanaların sayını müəyyən etmək hələ mümkün deyil.

Müdafiə Sənayesi Nazirliyi iyulun 26-da saat 15.35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verdiyini bildirir.

***

İlkin məlumatlara görə, iyulun 26-da yerli vaxtla saat 15.16-da Şirvan şəhərində (Bakıdan 127 kilometr cənub-qərb) yerləşən hərbi zavodda güclü partlayış olub. Partlayışdan sonra yanğın başlayıb.

Məlumatı Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə təsdiq ediblər.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən Amerikanın Səsinə bildiriblər ki, hazırda baş verən hadisə araşdırılır. Araşdırma başa çatrdıqdan sonra nazirlik rəsmi məlumat yayacaq.

Ölən və yaralanalarla bağlı məlumat əldə etmək mümkün deyil.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin tibbi aviasiyası həkim briqadasını Şirvana aparıb.

Hazırda zavoda gedən yollar bağlanıb.

Xatırladaq ki, ötən il iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

XS
SM
MD
LG